"Ermənistan hər zaman terror təşkilatları yaradaraq, müxtəlif zamanlarda qanlı terror aktları törədiblər.
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Deputatın sözlərinə görə, xüsusən də terror təşkilatlarının əsas hədəfi məhz türk diplomatları olub:
"1970-80-ci illərdə türk diplomatlarına qarşı amansız sui-qəsdlər törədiblər. 2020-ci ilin iyul ayının 12-də Ermənistan Tovuz istiqamətində Azərbaycana qarşı genişmiqyaslı hərbi provokasiyalar təşkil etdiyi zamanda Los-Anceles və digər ərazilərdə diplomatik nümayəndələrimizə erməni terror və radikal qruplaşdırmalarının hücumları olub.
Həmçinin Amerikada yaşayan sivil vətəndaşlarımıza qarşı, o cümlədən bir neçə gün əvvəl rəsmi Vaşinqtonda Azərbaycan diplomatik nümayəndələrinin avtonəqliyyatına atəş açıldı. Əlbəttə ki, bütün bunların kökündə erməni lobbisi və onun yürütdüyü siyasətin mərkəzində terrorizm dayanır.
Dünyanın gözü qarşısında Fransada, ABŞ-da və digər ölkələrdə Azərbaycanın diplomatik nümayəndələrinə, o cümlədən sivil soydaşlarımıza qarşı açıq-aşkar terror hadisələri həyata keçirirlər".
C.Osmanovun qənaətincə, dünya artıq bundan ciddi şəkildə nəticə çıxarmalıdır:
"Dünya erməni terroruna artıq "dur!" deməlidir. Terror hadisələrininin baş verməsinə vəsilə olanlar hər biri hüquqi müstəvidə cavab verməlidir. Bununla da Ermənistanın həm ölkə, həm də lobbi olaraq, dəstəklədiyi, yaratdığı terror təşkilatlarına birdəfəlik son qoyulmalıdır.
44 günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazanaraq, təkcə Ermənistan üzərində deyil, dünya erməni faşizminə və onun yaratdığı terror təşkilatlarına qalib gəlmiş oldu. Bu gün artıq beynəlxalq ictimaiyyət bununla ciddi mübarizə aparmalıdır. Çünki terror sərhəd tanımır".
Qeyd edək ki, son vaxtlar Azərbaycan səfirliklərinə basqınlar edilir. Bundan başqa, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. İstisna deyil ki, bütün bunlar erməni terror təşkilatlarının diplomatlara qarşı terror siyasətinin davamıdır. Həmçinin 1970-80-ci illərdə də türk diplomatlarına qarşı sui-qəsdlər törədiblər.