Yeni səfir təyinatlarına SÖZARDI: “Azərbaycan xarici siyasətinə korrektələr edir”

Prezident İlham Əliyev bir sıra ölkələrdə fövqəladə və səlahiyyətli səfirlərimizi dəyişib. Dövlət başçısının sərəncamına əsasən, Elçin Bağırov BƏƏ-yə, Leyla Abdullayeva Fransa, Elxan Polux oğlu Poluxov Misirə səfir təyin olunublar. 
Bundan  başqa Tural Anar oğlu Rzayev Əlcəzair, Rəhman Sahib oğlu Mustafayev Niderland Krallığı, Rəşad Fəxrəddin oğlu Aslanov İtaliya, Səməd Əyyub oğlu Həsənov Livan, Şövqi Kamal oğlu Mehdizadə Vyetnam, Anar Laçın oğlu İmanov Xorvatiya,Nazim Adil oğlu Səmədov Mərakeş Krallığına səfir vəzifəsinə təyinat alıblar. 

Təyinatlar barədə “Sherg.az”a danışan analitik Turab Rzayev bildirib ki, dövlət başçımızın səfir dəyişikliyinə əsas səbəb ölkəmizin xarici siyasətinə bəzi korrektələr etməsidir: 

"Son dövrlər bəlli oldu ki, Avropa İttifaqının bəzi ölkələri xüsusilə Fransa və onun təsirinin güclü olduğu dövlətlər ölkəmizə qarşı heç də xoşniyyətli davranmırlar. 

Bu ölkələr Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə səy göstərmək, bölgədə sülhün bərqərar olmasına çalışmaq əvəzinə daha çox birtərəfli qaydada Ermənistanı dəstəkləyirlər. 

Onlar açıq-aşkar erməni işğalından yanadırlar. Düşünürəm ki, Avropadakı səfirlik nümayəndələrimizin dəyişilməsi də birbaşa buna hesablanıb. 

Azərbaycan ola bilsin ki, bu ölkələrə qarşı artıq daha sərt siyasi xətt yürütsün. Həmin siyasi xəttə uyğun olaraq da bu ölkələrə yeni səfirlik nümayəndələrin təyin olunması məqsədəuyğun hesab olunub".