"Çox haqlı olaraq ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Şübhəsiz ki, uca tanrının taleyimizə bəxş etdiyi Heydər Əliyev irsi bu gün və gələcək üçün əvəzedilməzdir".
Bu sözləri "Şərq"ə açıqlamasında Ana Vətən Partiyası sədrinin Humanitar və kommunikasiya məsələlər üzrə müşaviri, AVP Qadınlar Şurasının sədri Günay Ağamalı deyib.
Onun sözlərinə görə, ölkəmizin anarxiya və parçalanma, milli dövlətçiliyimizin məhv olma təhlükəsi, erməni işğalçılarının genişmiqyaslı işğalı kimi çətin durumda xalqımızın iradəsilə güvəndiyi siyasi lider, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi zərurət idi. Olduqca ağır və fəlakətli dövrdə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı bütün faciələrdən xilas etdi, xalqımızın milli mənlik şüuru yüksəldi və milli dövlətçiliyimizin təməl daşı qoyuldu.
Heydər Əliyev irsinin layiqli davamçısı, ölkə prezidenti, cənab İlham Əliyev ulu öndərimizin təməl prinsiplərinə söykənərək milli dövlətçiliyimizi yüksəklərə qaldıraraq Azərbaycanı dünyada söz sahiblərindən birinə çevirdi. Bu nüfuzun qorunub-saxlanılması və əsas götürülməsi dövlətçiliyimizə böyük uğurlar verəcəkdir: "Ulu öndər irsi daim vətənpərvər olmağa, dövlətçiliyimizi qorumağa ən böyük nümunədir. Heydər Əliyev irsi xalqımızın milli sərvətidir. Bu irs xalqımız yaşadıqca var olacaq, nəsillərdən nəsillərə ötürüləcəkdir.
Milli sərvətimizi göz bəbəyi kimi qorumaq hər bir azərbaycanlının vətəndaş məsuliyyəti, müqəddəs borcudur".