Lalə Şövkət yeganə xanım idi



İndi nüfuzlu qadınlarımız partiya sədri olmaq istəmirlər

Sahib Məmmədov: "QHT rəhbəri olan xanımlarımız partiya sədri olan kişilərdən daha güclüdür"

Novella Cəfəroğlu: "Olsa yaxşı olardı, qadınlarımız kişilər kimi hansısa maraqlar xatirinə öz düşüncələrini, xarakterlərini satmırlar"


  Azərbaycanda 51.1 faiz insan qadın liderli partiyaların olmasını istəyir. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin açıqladığı rəy sorğusunda bildirilib.
  Qeyd edək ki, qadınların siyasi həyatda fəal olduğu ölkələrdə idarəetmədə cəmiyyətin müxtəlif qrupları nəzərə alınır və təmsil olunur, ölkənin mövcud vəziyyəti və gələcəyi ilə bağlı yeni, daha əhatəli təkliflər səslənir, gender bərabərliyi müzakirəsi isə nəzəri müstəvidən pratiki müstəviyə keçmiş olur.
  Qadınların rəhbər rollarda olmasının digər müsbət tərəfi odur ki, daha çox qadın ənənələrin və stereotiplər nəticəsində inkişaf edə bilməyən və potensialını reallaşdıra bilməyən qızlara nümunə vermiş olurlar və həmin qızları da gələcəkdə rəhbər rollarda olmağa həvəsləndirirlər.
  Azərbaycan isə mühafizəkar cəmiyyət olduğundan bu, qadınların ictimai-siyasi həyatda, o cümlədən idarəetmədə fəallığına təsir edir.

Maraqlıdır, cəmiyyətdə böyük bir kütləni ətrafına toplamaq gücünə sahib qadınlar varmı? Kimlər partiya lideri ola bilər?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, Lalə Şövkətdən başqa qadın partiya sədri xatırlamır. Amma bunun səbəbi Azərbaycanda qadınların ictimai- siyasi passivliyi ilə bağlı deyil. Sadəcə, Azərbaycanda belə bir ənənə olmayıb və sonradan da formalaşmayıb: 

“Siyasi partiyaların təşəkkül tarixinə baxsaq, bütün partiyaların idarə heyətində kişilər olub. Azərbaycan Xalq Hərəkatının bütün liderləri kişilər idi. Sonradan xanımlarımız Hərəkata qoşulsa da rəhbər postlar kişilərə məxsus idi. Xanım Xəlilova, Novella Cəfəroğlu kimi aktiv qadınlarımız vardı. Amma onlar özləri məqsədli şəkildə siyasi yox, daha çox ictimai proseslərə yönəldilər. Hər iki xanım və onlarla eyni cəbhədə mübarizə aparan digər xanımlarımız istəsələr böyük bir kütləni öz arxalarına alıb siyasi partiya yaradar və çox gözəl də idarə edərdilər. Bu da az əvvəl dediyim kimi Azərbaycanda qadın liderli siyasi partiya ənənəsi olmadığından irəli gəlir. Görünür, bu status bizim xanımlarımızın diqqətini cəlb etməyib. Sonrakı mərhəldə isə siyasi partiyaların ictimai-siyasi proseslərə təsir imkanları zəiflədi, struktursuz partiyalar yaranmağa başladı. Bir ara “dəb” düşdü, ətrafına 5 nəfər toplayan adam bir təşkilat formalaşdırıb özünü siyasi partiya lideri elan edirdi. Hansı ki nə mərkəzi strukturları, nə də regional bölmələri vardı. Qadınlar isə daha çox konkret işlər görməyi sevdiyindən formal xarakterli partiyalar onlar üçün cəlbedici olmadı. Aktiv qadınlarımız özlərinin  Qeyri-Hökumət Təşkilatlarını yaradıb ictimai proseslərə təsir etməyə başladılar. Çox da uğurlu işlər gördülər. QHT sədri olan xanımlarımız öz çəkisinə, ölkədə baş verən, ictimai rəyə təsir imkanlarına və dövlətçilik naminə apardıqları mübarizəyə görə partiya sədri olan kişilərdən daha güclüdür. Azərbaycanın ictimai həyatında Novella Cəfəroğlu, Tənzilə Rüstəmxanlı kimi öz çəkisi və nüfuzu olan onlarla qadınlarımız var. Mən bu xanımları güclü bir partiyanın sədri kimi görürəm, amma onlar özləri partiya sədri olmaq istəyirmi? Məncə, yox! Çünki bu xanımların hər biri ayrı-ayrılıqda 10 partiya sədrindən daha artıq işlər görüblər. Bu xanımlar həm ölkədə, həm də beynəlxalq aləmdə daha çox tanınır və sözünün kəsəri var. Məhdud resurslarla QHT sektoruna liderlik edib, beynəlxalq arenada söz sahibi olan  qadınlarımız üçün hansısa bir siyasi partiya sədri olmaq “iki vur iki”dir”. 

  Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, Azərbaycanda bilikli və savadlı qadınlar həmişə ön sıralarda olublar, öz fəaliyyətlərində ciddi uğurlar qazanıblar. Şəxsən mən heç vaxt partiya sədri olmaq istəməmişəm. Amma Azərbaycanda qadın liderli siyasi partiyaların olmasını çox istəyərdim: 

“İnanıram ki, belə bir partiya olsa çox güclü və ictimai rəyə təsir imkanları olardı. Əgər hansısa qadın bu istiqamətdə irəli addım atsa və partiya sədri olmaq istəsə, həmin partiyanın təşkilatlanması və strukturunun formalaşması üçün əlimdən gələn köməyi edərəm. Qadının siyasiləşməsinin, siyasi aktivliyinin yüksəlməsi cəmiyyətdəki proseslərin siyasi tarazlığı dinamikasının inkişafında vacib şərtdir. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərinə sadiqdirlər və ictimai-siyasi prosesin fəal iştirakçısıdırlar. 

Qadınlarımız kişilər kimi hansısa maraqlar xatirinə öz düşüncələrini, xarakterlərini satmırlar. İctimai-siyasi nüfuzu olan xanımlarımızın hamısı mərd və mübariz xarakterlidir. Onlar heç vaxt yalan danışıb milli maraqlara zidd addım atmırlar. Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınıb. Qadın ailə saxlayan bir insandır. Necə ki ailədə bütün yükü öhdəsinə götürüb övladlarının rifahı üçün fədakarlıq göstərir. Ölkənin milli mənafeyi üçün də bizim qadınlar cəmiyyətdə kifayət qədər əhəmiyyətli rol oynayırlar. 

Mənim isə kifayət qədər güclü və ictimai proseslərdə aktiv olan qeyri-hökumət təşkilatım var. 

Bizim təşkilatın fəaliyyəti heç də partiyaların gördüyü işlərdən aşağı deyil. Əksinə, seçkilər vaxtı mənim qızlarım (QHT üzvləri) bütün  partiya üzvlərinə dərs keçib, seçki qaydaları ilə bağlı maarifləndirirlər”.