“Finlandiya istər-istəməz rəsmi Stokholmun Türkiyənin müəyyən etdiyi şərt-tələbləri yerinə yetirməsinə qədər gözləməli olacaq”
“Yəni bu məsələnin tezliklə yekunlaşacağı hələlik o qədər də inandırıcı görünmür"
"Finlandiyanın NATO-ya üzvlüyü bu ölkənin Türkiyə ilə anlaşmasından birbaşa asılıdır".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Finlandiya rəsmi Ankaranın terrorçuluq fəaliyyətinə qarşı hüquqi addımların atılması ilə bağlı tələblərini yerinə yetirərsə, bu ölkə NATO-ya üzvlük şansı qazana bilər:
"Yəqin ki, Finlandiyanın Türkiyəyə göndərdiyi heyətlə bu məsələ ciddi şəkildə müzakirə ediləcək.
Əslində, rəsmi Ankaranın Finlandiyaya qarşı iradları o qədər də çox deyil. Hətta həmin iradların bəziləri artıq həllini tapıb.
Ancaq bütün bunlara rəğmən rəsmi Helsinkinin hərbi alyansa üzvlüyü ətrafında qəliz situasiya mövcuddur.
Çünki Finlandiyanın məhz İsveç ilə eyni vaxtda NATO sıralarına qatılması barədə anlaşma var. Rəsmi Ankaranın isə İsveçə qarşı tələbləri daha çox və sərtdir.
Çünki terrorçular hətta İsveç parlamentində belə təmsil edilməkdədir. Türkiyə rəsmi Stokholm tələbləri tam yetirməyənə qədər bu ölkəni NATO-nun qapıları arxasında saxlamaq niyyətindədir.
Deməli, bu səbəbdən də, Finlandiyanın İsveç ucbatından NATO-ya üzvlüyü gecikə bilər. Ləngimənin qarşısını almaq üçün Finlandiya və İsveçin ayrı-ayrılıqda NATO-ya üzvlük proseduruna da start vermək mümkündür. Qardaş ölkə buna çox da kəskin müqavimət göstərmir.
Ancaq İsveç və rəsmi Helsinki hələlik NATO-ya eyni vaxtda üzvlük variantında israr edirlər. Bu baxımdan, Finlandiya istər-istəməz rəsmi Stokholmun Türkiyənin müəyyən etdiyi şərt-tələbləri yerinə yetirməsinə qədər gözləməli olacaq. Yəni bu məsələnin tezliklə yekunlaşacağı hələlik o qədər də inandırıcı görünmür".
Qeyd edək ki, Finlandiya və Türkiyə nümayəndə heyətləri arasında görüş başlayıb. NATO-ya üzv olmaq üçün müraciət edən Finlandiya Türkiyənin Ankara şəhərinə heyət göndərib.