Ötən həftə KTMT-nin saytında təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yekunlarına dair bəyanat dərc olunub. Bildirilib ki, KTMT Şurası Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin siyasi və diplomatik yollarla həllinə çağırır.
İclasda Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi-diplomatik vasitələrlə, o cümlədən Ermənistanın baş naziri, Rusiya Prezidenti və Azərbaycan Prezidenti tərəfindən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub.
Məsələni “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, hazırda baş verən proseslər sülh müqaviləsinin bağlanmasına gətirib çıxaran çağırışları ehtiva edir:
“Son zamanlarda həm KTMT-nin iclasında, həm də Xankəndində baş verənlər Ermənistanın sülh müqaviləsini imzalamasına hesablanıb. Olunan təzyiqlər də həmin sülh müqaviləsinin bağlanması ilə əlaqədardır.
Lakin sual doğur ki,bəs Ermənistan bunu nə formada edəcək? Məsələn, onlar Qarabağın taleyini qeyri-müəyyən vəziyyətə salmaq üçün, sülhməramlılarla bağlı açıqlama yaydılar.
Vurğuladılar ki, ki, rus sülhməramlıları burada müəyyən olunmamış vaxta qədər qalacaqlar. Bütün proseslərin fonunda isə Rusiyanın Qərblə mübarizəsində, dağılmış mövqelərini bərpa etmək niyyəti dayanır. Moskva istəyir ki, sülh müqaviləsi Qərbin yox, məhz onların əli ilə imzalansın.
Baş verən son hadisələr də bunun vacib hissəsini təşkil edir. KTMT-nin gücü bilavasitə Paşinyan faktoru, onun Qərbdən maliyyələşməsinə qarşı səfərbər olunub".