“Bununla da rəsmi Bakı sülh müqaviləsi ilə bağlı özünün təqdim etdiyi 5 bəndlik prinsipinin fundamentallığını qoruyur və üçtərəfli razılaşmaların icrası məsələsini bir daha aktuallaşdırır”
“Bu isə erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən, Naxçıvana “maneəsiz keçid”in (Zəngəzur dəhlizi) verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyi deməkdir”
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib:
“Hörmətli həmkarlar, bu gün biz üç sessiyadan ibarət danışıqlar apardıq. Əvvəlcə, Ermənistan nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə təkbətək danışdıq. Daha sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə təkbətək danışdıq və sonra iki saat, bəlkə də bir qədər artıq müddətdə üçlükdə söhbət etdik. Bizim ümumi fikrimizə görə bu görüş çox faydalı oldu. Məncə bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı. Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Özü də mən bütövlükdə deyəndə həm yaxın keçmişə aid cari hadisələri, həm də iki il bundan əvvəl baş vermiş hadisələri nəzərdə tuturam. Hər halda, o vaxt biz prinsipial məsələlər barədə razılığa gəlməyə nail olduq. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Mən bizim bütün ölkələr dedikdə həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam.
Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək.
Çox sağ olun. Mən öz həmkarlarıma – həm Ermənistanın baş nazirinə, həm də Azərbaycanın Prezidentinə təşəkkür etmək istəyirəm ki, siz Rusiyaya, Soçiyə gəlməyə və bugünkü diskussiyanı aparmağa razılaşdınız.
Razılaşdığımız kimi biz əlaqə saxlayacağıq, bu dialoqu və uzun müddət davam edən bu münaqişəyə nöqtə qoymaq üçün zəruri həllərin axtarışını davam etdirəcəyik”.
Görüşü “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Soçi görüşünün yekun bəyanatını üç istiqamətdə dəyərləndirmək olar:
“Birincisi, Rusiyanın əldə etdiyi nəticədir: Moskva təşəbbüsü yenidən ələ alır və sülh sazişinin imzalanmasına hazırlıq prosesində özünə yer edir. Kreml həm iki ölkənin ictimaiyyəti, həm parlamentləri arasında, o cümlədən, humanitar məsələlərdə vasitəçilik etməklə rolunu gücləndirir. Bununla da vasitəçilik etdiyi 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarının icrasını bir daha aktuallaşdırır və bölgədə Qərbin önünə keçmək addımı atır.
İkincisi, Azərbaycanın əldə etdiyi nəticədir. Bakının gündəliyi aktuallığını qoruyur. Bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması ilə isə bunun daxili məsələsi olduğunu bir daha qəbul etdirir. Bu, xüsusilə Xankəndidəki mitinq və separatçıların gözləntiləri fonunda daha çox əhəmiyyət qazanır və görüşdən öncə Paşinyanın Azərbaycanın qəbul etmədiyi “15 bəndlik rus planı”nı masaya gətirmək cəhdlərinin qarşısını alır. Bununla da rəsmi Bakı sülh müqaviləsi ilə bağlı özünün təqdim etdiyi 5 bəndlik prinsipinin fundamentallığını qoruyur və üçtərəfli razılaşmaların icrası məsələsini bir daha aktuallaşdırır. Bu isə erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən, Naxçıvana “maneəsiz keçid”in (Zəngəzur dəhlizi) verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyi deməkdir. Digər tərəfdən isə ərazi bütövlüyü və sərhədlərin qarşılıqlı tanınması ilə Qərbdə qəbul edilən mövqeyini Rusiya masasında bir daha təsdiq edir.
Üçüncüsü məsələ isə Ermənistanın əldə etdiyi nəticə, daha doğrusu, İrəvanın görüşdən qazancsız qayıtmasıdır. Xüsusilə də Paşinyanın prosesləri Bakının əleyhinə çevirmək gedişlərinin işə yaramaması fonunda”.
Analitik qey edib ki, Sənəddə Praqa bəyanatında əksini tapan məqamın - “bütün problemli məsələlər BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə uyğun həll etmək” qeydinin təkrar vurğulanması diqqət çəkir:
“Ermənistan Alma-Atı bəyannaməsinin üzərində “iki ölkə ərazi bütövlüyünü 1991-ci ildə qarşılıqlı tanıyıb” iddiasını davam etdirmək, “sərhədi SSRİ dağılanda mövcud inzibati xətlərlə müəyyən etmək” və “Qarabağı hüquqi məsələ” kimi saxlamaq məqsədilə dayanır. Hərçənd ki, BMT Nizamnaməsinin - ərazi bütövlüyünün ön planda olması, eləcə də “Alma-Atı bəyannaməsinin formal xarakter daşıması” bunu sual altına salır. Bu məqamın qeyd olunması Paşinyanı “nəticəsiz yola salmamaq” məqsədi də daşıya bilər.
Lakin “BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsi” qeydi ilə Bakı ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin önə çıxarılması, Brüssel formatının alternativ kimi qalması və sülh müqaviləsinə beynəlxalq zəmanətin əldə edilməsi hədəfinə də oynayır”.