Putinin siyasəti! – “Qarabağ məsələsini uzun illər davam etdirməkdir,amma...”

“Bunun nə qədər davam edəcəyi isə bizim xarici siyasətimizdən asılıdır"


Azərbaycanın Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 31-də Soçidə keçirilən görüşü gec' saatlarında başa çatıb. 
Görüşdən sonra açıqlama verən Vladimir Putin deyib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə üçtərəfli görüş 2 saatdan artıq sürüb. O, eyni zamanda hər iki ölkənin nümayəndə heyəti ilə də görüşdüyünü vurğulayıb.

Rusiya prezidenti görüşün faydalı keçdiyini, gələcək mümkün razılaşmalar üçün yaxşı mühit yaradıldığını bildirib:
“Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açığını demək lazımdır ki, hər şey razılaşdırılmayıb, bəzi şeylər əvvəllər mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı idi. Mən belə bir ümumi qiymətləndirmə ilə razıyam ki, görüş faydalı olub və ümumilikdə vəziyyətin tənzimlənməsi istiqamətində sonrakı addımların atılması üçün şərait yaradılıb”.

Putinin açıqlamasını dəyərləndirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a vurğulayıb ki, bununla Putinin başlıca məqsədi erməni ictimaiyyətinə mesajlar göndərməkdir:

  "Erməni cəmiyyəti Paşinyandan Qarabağda  “status- kvo”nu yenidən bərpa etməyi tələb edir. Lakin o bunu edə bilmir. Çünki müəyyən cavabdehlikləri var. Ancaq bunu indi Putin öz üzərinə götürərək çatdırır ki, madam Paşinyan bunu edə bilmir biz edəcəyik. Bu səbəbdən də erməni ictimaiyyətinə mesajlar ötürür ki, həll olunmamış məsələlər var. O bunu "Valdai" konfranansında da dilə gətirərək demişdi ki:- Əgər Qarabağda yaşayan ermənilərin hansısa milli xüsusiyyətlərini nəzərə almaq lazımdırsa, biz buna hazırıq. 

O milli xüsusiyyətlər deməklə isə, Qarabağ ermənilərinin Azərbaycanda yaşamaq xüsusiyyətləri və onların təhlükəsizliyi məsələsini nəzərdə tutur. Yəni burada Putin özünü onların təhlükəsizliyini təmin edəcək bir faktor kimi, təqdim edir. 

Bunların hamısı isə Rusiyanın və Putinin Qafqaz siyasətinin göstəricisidir. Sözügedən siyasət Qarabağ probleminin dondurulması və uzun illər davam etməsi yönündə aparılır. Bunun nə qədər davam edəcəyi isə bizim xarici siyasətimizdən asılıdır".