“Rusiya ilə İranın əməkdaşlığının praktiki xüsusiyyətləri, strateji xarakter daşımaqdan uzaqdır”
“Çünki Moskva bu zamana qədər Qərbin Tehranın başı üzərinə qaldırdığı qılıncın qarşısında qalxan olmaqdan uzaq dayanıb”
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Tehrana səfər edəcək.
Səfər zamanı Paşinyanın Səadabad mədəni-tarixi kompleksində İran Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanması olacaq. Ermənistan və İran liderlərinin danışıqlarından sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək. Səfər zamanı Tehran və İrəvan arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.
Məsələyə münasibət bildirən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidən sonra yolunu Tehrana salması İrəvanın maraqlarının Rusiya-İran oxuna daxil etmək cəhdidir:
“İranın Ermənistana dəstəyi elə bir həddə çatıb ki, bu, havadarlıq çərçivələrini də aşıb və mənəvi-qardaşlıq himayəçi statusu qazanıb. Ancaq Paşinyan anlamır ki, Rusiya ilə İranın əməkdaşlığının praktiki xüsusiyyətləri, strateji xarakter daşımaqdan uzaqdır.
Çünki Moskva bu zamana qədər Qərbin Tehranın başı üzərinə qaldırdığı qılıncın qarşısında qalxan olmaqdan uzaq dayanıb. Digər tərəfdən məsələyə tarixi aspektdən də yanaşmaq lazımdır.
Bu regionda Rusiya ilə İran həmişə didişib, müharibələr isə Gülüstan və Türkmənçay müqavilələri ilə yekunlaşıb. Nəzərə alaq ki, həm Rusiya həm də İran öz keçmiş imperiya nüvəsindən tamamilə aralanmayıb. Ərazilər kiçilsə də, onların niyyət və məqsədləri balacalaşmayıb.
Rusiya bu regionda İranı daim rəqib kimi görür. Tehranın nüvə silahı əldə etmək ambisiyaları fonunda Moskva regional doktrinasının şüuraltını İrana qarşı itiləyir.
Ona görə də İranın Rusiyaya kamikadze dronlar verməsinin Tehran üçün nəticələri Moskvanı incitmir. Kreml sadəcə olaraq tarixi rəqibindən bir vasitə kimi istifadə edir.
İkitərəfli münasibətlərdəki mehriban-düşmənliyi sadalamağımızın məqsədi Paşinyanın Moskva-Tehran xəttindən asılı qalmasının mənasız perspektiv olduğunu göstərməkdir”.