Noyabrın 3-ü 2022-ci il tarixində Brüsseldə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mher Qriqoryan görüşüblər. Onlar Azərbaycan -Ermənistan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.
Görüşü “Sherg.az”a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov vurğulayıb ki, bizimlə sərhədlərin delimitasiyası məsələsini müzakirə edən ölkənin prezidentinin qanunsuz olaraq Azərbaycan ərazisinə gəlməsi və maraqlarımıza zidd bəyanatlar yayması onların prosesin həllində nə qədər maraqlı olduqlarını göstərir:
“Ermənistan, Azərbaycanla beynəlxalq qanunlara uyğun münasibət qurmaq istədiyinin görüntüsünü yaymağa çalışır.Amma bilir ki, əslində belə deyil. Çünki onlar mütəmadi şəkildə ölkəmizin daxilindəki məsələlərə müdaxilə edir, dövlət büdcəsi ilə qondarma qurumları maliyyələşdirir və yaraqlıları silahlandıraraq Qarabağda saxlayır.
Ümumiyyətlə, bu təxribatlar və addımlar Ermənistanın siyasətinin göstəricisidir.Bunun fonunda da Brüsseldə delimitasiya və demarkasiya müzakirəsi aparmaq məntiqdən uzaq bir addımdır. Çünki Ermənistanın məlum əməlləri qəbuledilməzdir. Burada danışıqlar yox, daha ciddi addımlar atmaq lazımdır.
Həm əsgərlərimizə qarşı atəş açılmaması, həm də siyasi təxribatların olmaması üçün Azərbaycan tərəfindən ciddi cavablar verilməlidir".