Ukraynada müharibənin sonu yaxınlaşır


Kremlin yaratdığı işğal xəritəsi Kiyevin xeyrinə dəyişə bilər
ABŞ və Rusiya Ukrayna ilə bağlı sövdələşmə formulunu axtarır
  Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb. Köçürülmə zamanı sağ sahildə bir dənə də olsun hərbi texnika və silah saxlanılmayıb. Rusiya qruplaşmasında şəxsi heyət, silah, texnika və material itkisi olmayıb. Xatırladaq ki, Xerson vilayətinin mərkəzi olan Xerson şəhəri Dnepr çayının sağ sahilində yerləşirdi. Rusiya qoşunlarının çayın sol sahilinə keçməsi Xerson şəhərinin də tərk edilməsi anlamına gəlir. Rusiya silahlı qüvvələri Ukraynanın Xerson vilayətinin bir hissəsini tərk etdikdən sonra Ukrayna ordusu vilayətin eyniadlı mərkəzinə doğru irəliləyib. Həmçinin qeyd olunub ki, Xerson şəhərinin sakinləri Ukrayna hərbçilərini qarşılamaq üçün mərkəzi meydanlara toplaşıblar. Vilayət administrasiyasının binası üzərində Ukrayna bayrağı qaldırılıb.
  ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb ki, cəbhədə təşəbbüs Ukrayna Silahlı Qüvvələrinin əlindədir: "Xersonda böyük qələbəni təmin etmək prosesi gedir. Atəşkəs Kremlə Rusiya qüvvələrini bərpa etmək üçün çox ehtiyac duyduğu fasiləni verəcək. Amma Xersonda davam edən böyük Ukrayna qələbəsi sonuncu olmayacaq. Son 24 saat ərzində Ukrayna ordusu Xersonun şimal-qərbində, qərbində və şimal-şərqində uğur qazanıb, bəzi ərazilərdə 7 km-ə qədər irəliləyib. Rus qoşunlarının geri çəkilməsi yaxın günlərdə və ya həftələrdə Dnepr çayına qədər olan Xerson bölgəsini azad etməyə imkan verəcək. Rusiya qoşunlarının çıxarılması bir qədər vaxt aparacaq və döyüşlər bütün Xerson vilayətində davam edəcək. Çünki Ukrayna ordusu Xerson şəhəri ətrafında əvvəlcədən hazırlanmış Rusiya müdafiə xətti ilə üz-üzədir".
  ABŞ Prezidenti Co Bayden deyib ki, Rusiya qoşunları ölkə ərazisindən tam çıxarılmayana qədər Ukraynadakı münaqişənin həllinin mümkünlüyünü görmür: "Putin Ukraynanı tərk edənə qədər münaqişə həll olunmayacaq”.
  ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə bildirib ki, Vaşinqton Rusiyadan Ukraynada sülhün bərqərar olması üçün ciddi danışıqlara hazır olduğuna dair mesajlar gözləyir: "Biz Ukrayna tərəfinin danışıqlara hazır olduğunu görürük. Eyni zamanda, Rusiya rəhbərliyinin Ukraynada sülhə dair bəyanatlarını əməlləri ilə dəstəkləyəcəyini gözləyirik”.
  Siyasi şərhçi Aqşin Kərimov vurğulayıb ki, ABŞ və Rusiya Ukrayna ilə bağlı sövdələşmə formulunu axtarır. Ekspertə görə, Ukrayna müharibəsində Rusiyanın yaratdığı işğal xəritəsi Kiyevin xeyrinə dəyişə bilər. Çünki Moskva Xerson vilayətindəki qoşunlarını Dneprin sağ sahilindən çıxarıb sol cinaha yerləşdirdi: "Rusiyanın qərarı hərbi-taktiki baxımdan Ukrayna üçün böyük üstünlüklər vəd edir. Lakin Xerson uğrunda gözlənilən döyüşlər mahiyyət etibarı ilə ləğv edilmiş vəziyyətdə deyil. Rusiyanın planının hərbi ştrixləri bundan ibarətdir ki, o, Ukraynadakı müharibənin Xerson cəbhəsində ciddi uğursuzluğa düçar olacağını dərk edib və qüvvələrini Dneprin şərq tərəfinə yerləşdirməklə maksimal müdafiəni təmin etməyi qarşıya məqsəd qoyur. Rusiya bununla Ukraynanın həmin istiqamətdən gözlənilən hücumunu gecikdirməyə nail olmaq istəyir. Lakin proseslərin döyüş qoxulu mənzərəsi Kiyev üçün böyük fürsətlər pəncərəsidir. İndi Xersonun tamamilə Rusiya işğalından təmizlənməsi Ukraynanın keçirəcəyi uğurlu əks-hücum əməliyyatlarından asılıdır, burada isə başqa bir əmma ortalığa çıxır. Ukraynanın taleyinin Rusiya ilə ABŞ arasında geosiyasi alver predmetinə gətirilməsi NATO-nun Kiyev üçün təhlükəsizlik təminatlarını qaranlıqlara doğru itələyir. Onsuz da müharibə başlayandan bu yana ABŞ ilə Rusiya məxfi təmaslarda olublar, burada təəccüblə qarşılanacaq bir hal da yoxdur. Vaşinqtonla Moskvanı Ukraynanın mütləq suverenlik taleyi yox, müharibənin yaratdığı nəticələrin necə bölüşdürülməsi məsələləri düşündürür. Ancaq əks qütblər bir-birini tələyə salmaq potensialını da nəzərdən qaçırmırlar. Elə bu səbəbdəndir ki, ABŞ və Rusiya prezidentlərinin müşavirlərinin beynəlxalq ictimaiyyətdən gizlədilən danışıqları mətbuata sızdırıldı, mümkün mesaj ondan ibarətdir ki, Ağ Evlə Kreml Ukraynadakı müharibəni öz xeyirlərinə doğru necə bitirməyin formullarını axtarırlar".
  A.Kərimovun fikrincə, ABŞ Ukraynaya hərbi yardımı elə səviyyədə edir ki, bu, Moskva-Vaşinqton xəttində birbaşa qarşıdurma meyli yaratmasın. Gizli danışıqların bir üzü də burada görünür: "Hətta ABŞ "HIMARS" raketlərinin daha uzaq hədəfləri vuranlarını yox, yaxın məsafədə əməliyyat yerinə yetirənlərini Ukraynaya verir. ABŞ ehtiyatlanır ki, nisbətən uzaqmənzilli "HIMARS"ları Ukraynaya versə, Kiyev Rusiya ərazisini bombalaya bilər. ABŞ lideri Rusiya-Ukrayna müharibəsi fonunda qışın gəlişinin Avroatlantik məkan üçün yaratdığı təhdidlərin miqyasını anlayır. Yəqin, buna görədir ki, Bayden Rusiya ilə Ukraynanın qışa qədər nə edəcəklərinə dair ümidlərini dilə gətirib və burada yenə də Kiyevə ərazi güzəştinə getmək kimi subliminal mesajı diqqətə çatdırıb. Düzü, ABŞ ilə Rusiyanın sövdələşmələrinin nəticəsi olaraq oyun qaydalarının hansı forma və ölçü qazanacağını proqnozlaşdırmaq çətindir. Görünən odur ki, ABŞ başda olmaqla Qərb ölkələri Ukraynadakı müharibənin yorğunluğunu aradan qaldırmaq üçün Moskva ilə danışıqlara üstünlük verirlər. Hərçənd ki, cari şəraitlə danışıqlara getmək Rusiyanın özünə də sərf edir. Lakin Ukrayna ərazilərinin geri qaytarılması işində əzmkar və qətiyyətli davranır".