"Rəsmi Paris Ermənistanın əsas havadarlarındandır. Fransada çox güclü erməni diasporu var. Onlar uzun müddət Ermənistanın işğalına haqq qazandırıblar. Fransa Minsk Qrupun tərkibində 30 il vasitəçi kimi fəaliyyət göstərdiyi müddət ərzində heç bir nəticəyönümlü işlə məşğul olmayıb. Əksinə, konfliktin uzanmasına çalışıb".
Bunu"Sherg.az"a açıqlamasında jurnalist, siyasi şərhçi Kənan Novruzov deyib.
K.Novruzovun qənaətincə, Ermənistan xarici işlər nazirinin Parisə səfərindən müsbət nəsə gözləməyə dəyməz:
"Çox güman, nazirlər Cənubi Qafqazdakı durum barədə də müzakirə aparıblar. Bəlkə də, "bağlı qapılar arxasında" Mirzoyan həmkarından kömək istəyib. O, Azərbaycanla münasibətlərin son mərhələsi haqda saxta məlumatlar verib, bizi ittiham edib. Yəqin, Kolonna da inanmağı seçib.
Adətən Mirzoyanın xaricə, xüsusilə ona havadarlıq edən ölkələrə səfərlərindən sonra şərti dövlət sərhədində təxribatlar intensivləşir. Təsadüfi deyil. Çünki hər səfərdən sonra İrəvan havadarlarının dəstəyini hiss edir, ürəklənir. İndiki səfərdən sonra isə Ermənistanın növbəti provokasiyalar törətməsi mümkündür.
Bu Ermənistanın yox, onun havadarlarının maraqlarına uyğundur. Məhz Ermənistanın təxribatları nəticəsində bölgədə vəziyyət gərginləşir və üçüncü güclərin regiondakı mövcudluqları təmin olunur. Ermənistan reallıqları anlamalıdır və başqasının maşası olmağın onun üçün yaxşı nəsə vəd etmədiyini başa düşməlidir. Əgər Ermənistanın hərbi - siyasi hakimiyyəti bunu anlamasa, özünü daha çıxılmaz duruma salacaq".
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri noyabrın 10-da Fransaya işgüzar səfərə yollanıb. O, Parisdə Fransanın xarici işlər naziri Katrin Kolonna və başqa rəsmilərlə görüşüb. Noyabrın 11-12-də Fransanın paytaxtında 5-ci Paris Sülh Forumunda da iştirak edib.