İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovu regional məsələlərin diplomatiya strategiyası ilə həlli çərçivəsində Tehranda keçiriləcək “3+3” görüşündə iştiraka dəvət edib.
İranlı nazir bu barədə noyabrın 15-də axşam saatlarında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.
O deyib ki, ölkələrin suverenliyinə hörmət edilməsi vacib və əsas prinsip kimi nəzərə alınmalıdır.
İranın baş diplomatı rəsmi və diplomatik kanalları anlaşılmazlıqları və fikir ayrılıqlarını həll etmək üçün ən yaxşı yol hesab edib və vurğulayıb ki, mediada bu cür məsələlərin gündəmə gətirilməsi nəinki problemin həllinə kömək etmir, həm də düşmənlərin məsələdən sui-istifadə etməsinə yol açır.
Hüseyn Əmir Abdullahian qonşuları ilə, o cümlədən Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinin İran xarici siyasətinin prioriteti hesab edib və iki ölkə arasında hərtərəfli əlaqələrin gücləndirilməsinin vacibliyindən söz açıb. Azərbaycanın xarici işlər naziri də öz növbəsində İran və Azərbaycan prezidentlərinin Qazaxıstanın Astana şəhərinə son səfərinə diqqət çəkib və iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında aparılan danışıqları “müsbət və konstruktiv” qiymətləndirib.
C.Bayramov da öz növbəsində ikitərəfli münasibətlərin gücləndirilməsinin və anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini qeyd edib.
Söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərinin gücləndirilməsi və yarana biləcək anlaşılmazlığın aradan qaldırılması istiqamətində bütün sahələrdə əlaqələrin davam etdirilməsi və gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Məsələni “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist Xəqani Səfəroğlu qeyd edib ki, İranın xarici işlər nazirinin Ceyhun Bayramovu Tehrana dəvət etməsi də soyuqluğu aradan qaldırmağa cəhddir:
“ 3+3 formatı bölgənin problemlərinin həlli məqsədiylə yaradılıb. Bu qrupa region ölkələri olan Türkiyə, Rusiya, Gürcustan, İran, Ermənistan və Azərbaycan daxildir. Son zamanlar İranla Azərbaycan arasındakı gərginlik isə yeni baxış tələb edir.
Yəni İranla son qalmaqallar, bütün sahələr üzrə əməkdaşlıq imkanlarını məhdudlaşdırıb. Bu baxımdan da məsələnin həll edilməsi üçün, İran tərəfindən diplomatik cəhdlər artıb.
Ümumiyyətlə, iki ölkə arasındakı gərginlik artıq cənub qonşumuzu ciddi şəkildə narahat edir. Çünki onlar bir sıra iqtisadi layihələrdə bizdən asılıdır.
Burada xüsusən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələ var ki, İran neçə ildir bu dəhlizin işə düşməsinə cəhd edir. Burada da Astara və Rəşt-Qəzvin dəmir yolunun tikintisi mühümdir”.
Ekspertin sözlərinə görə İran daxilindəki siyasi elitada Azərbaycana qarşı olan mövqe birmənalı qarşılanmır:
“Ortada daha çox münasibətləri normallaşdırmaq cəhdi görünür. İran XİN-in telefon danışığında olan, mətnində də hiss olunur ki, onlar münasibətlərin əvvəlki qaydada olmasını arzulayırlar. Yəni bütün məsələləri dinləməyə hazır olduqları barəsində mesaj verirlər.
Rəsmi Bakı isə özü üçü vacib bildiyi məsələləri Tehrana çatdırır və bununla razılaşma mövqeyində qaldığını ifadə edir. Azərbaycanın tələbləri isə regional təhlükəsizliklə bağlıdır.
Yəni biz İrandan ərazi bütövlüyümüzü və 44 günlük müharibədən sonra regionda yaratdığımız geopolitik reallığı tanımasını tələb edirik. O cümlədən Zəngəzur dəhlizi ilə bağlı Tehranın birmənalı mövqe ortaya qoymamasını istəyirik.
Çünki onlar bu dəhlizin əleyhinədir və fikirləşirlər ki, Zəngəzur dəhlizi onların Avropaya çıxan logistik xabına zərbə vuracaq. Bu isə heç də belə deyil. Əgər İran həqiqətən qazanclı çıxmaq istəyirsə, Azərbaycanı dinləməli və məsələləri müzakirələr masasında həll etməyə çalışmalıdır. 30 ildir, sanksiyalar altında əzilən cənub qonşumuza, zor gücü ilə danışmaq sərf etməyəcək.
Ona görə ki, onları sanksiyalardan qurtaran əsas yollar Azərbaycandan keçir"