Azərbaycan ABŞ ilə strateji tərəfdaşdır

Vaşinqton artıq postmüharibə dövründə həllini gözləyən məsələlərlə bağlı pozitiv mövqedən çıxış edir


  Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub. 
Bu barədə Müdafiə Nazirliyindən "Şərq"ə məlumat verilib.
  Qeyd olunub ki, Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini, 
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş 
Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb.
  Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional 
təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşü şərh edən millət vəkili Elman Nəsirli “Şərq”ə açıqlamasında deyib ki, hazırda 
Azərbaycanla hərtərəfli əməkdaşlığa maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Belə 
əlaqələr ölkəmizi dünya birliyinə daha da yaxından tanıdır, mövqelərimizi möhkəmləndirir: 
“Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafı da bu baxımdan diqqəti daha çox 
cəlb edir.
  Azərbaycanla Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdırlar. Bir sıra fundamental 
məsələlərdə hər iki dövlətin mövqeyi üst-üstə düşür. Xüsusilə də beynəlxalq təhlükəsizlik 
məsələlərində ABŞ ilə Azərbaycan dəfələrlə ortaq mövqedən çıxış ediblər. Bu iki dövlətin 
strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin 
möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və 
kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.
  Millət vəkilinin sözlərinə görə, ötən 30 il ərzində Azərbaycan torpaqları işğal altında olduğu 
üçün ABŞ ilə hərbi-texniki əməkdaşlığımız bir qədər məhdud xarakter daşıyırdı: “Xüsusilə də 
Birləşmiş Ştatların münaqişə  dövründə Azərbaycana müasir silahlar satması qeyri-real məsələ 
idi. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 2 il əvvəl tarixi qələbəyə 
imza ataraq Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və Azərbaycanın yaratdığı yeni reallıqlar 
bütün dünya tərəfindən qəbul olunub. ABŞ da postmüharibə dövründə həllini gözləyən 
məsələlərlə bağlı pozitiv mövqedən çıxış edir. Amerika üçün Cənubi Qafqazda sabitlik olduqca 
vacib amillərdən biridir. Bu baxımdan rəsmi Vaşinqton Azərbaycanla hərbi və hərbi-texniki 
əməkdaşlıq məsələlərinə yenidən baxmağa başlayıb. Bu mənada Azərbaycan Ordusunun Baş 
Qərargah rəisinin ABŞ-dəki həmkarı ilə görüşü regionda sülh və təhlükəsizliyin  
möhkəmlənməsinə xidmət göstərir. Bizim məqsədimiz regionda uzunmüddətli sülhün bərqərar 
olmasıdır.  Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi 
önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi 
tanınır. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan dünyanın inkişaf etmiş 
ölkələri ilə bir sıraya qoşulmaqdadır. Buna nail olmaq üçün Ermənistana belə əməkdaşlıq əli 
uzadıb. Ermənistan isə sözdə razılıq versə də, yeritdikləri siyasət tamam ziddiyyətlidir”. 
ABŞ dövlət katibi Antoni Blinkenin cənab İlham Əliyevə telefon zənglərini xatırladan E.Nəsirli 
deyib ki, bu danışıq çərçivəsində regional təhlükəsizlik məsələləri müzakirə edilir: “Regionun 
geosiyasi dinamikasının inkişaf etdiyi bir vaxtda Azərbaycanın bu prosesdə aparıcı rol 
oynamasını müşahidə edən ABŞ Azərbaycanla olan münasibətlərini dərinləşdirmək 
niyyətindədir. ABŞ Azərbaycanın regionda yaratdığı reallıqları, eyni zamanda, Azərbaycanın 
müstəqilliyini və suverenliyini dəstəkləyir. Bu, ABŞ-nin ölkəmizlə münasibətlərə verdiyi yüksək 
önəmdən və Azərbaycanın Cənubi Qafqazdakı aparıcı mövqeyindən, qarşıdan gələn illər və 
onilliklərdə ABŞ-nin Azərbaycanla münasibətləri daha da genişləndirmək niyyətində olmasından 
xəbər verir”.

Şəymən