İstanbulda Türk ticarət sərgisi keçiriləcək

Türk Dövlətlərinin iqtisadi gücü birləşdirilməlidir


  Türkiyənin İstanbul şəhərində Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Dərnəyinin ev sahibliyində “Türk Dövlətlərinin iqtisadi gücü və Türk ticarət sərgisinin gətirəcəyi fürsətlər” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan dərnək rəhbəri Rafet Ulutürk bildirib ki, birlikdə bir güc, bir bütün olmaq və bunu bütün dünyaya çatdırmaq üçün buradayıq: 

 
"Bu birlik keçmişdən gələn güclü ortaq bağlarımızın və gələcəyə olan böyük hədəflərimizin bir simvoludur. Bu sərginin türk dövlətləri arasında körpülər qurmaq, iş insanları arasında yeni imkanlar yaratmaq və qalıcı iç birliklərinin təməlini atmaq üçün önəmli fürsət olacağına inanıram”. Daha sonra çıxış edən İstanbul Ticarət Universitetinin rektoru, professor Əbdülhəmid Afşar çıxışında bir çox mühüm məsələləri vurğulayıb: “İlk öncə Türk Dünyası sərgisinin keçirilməsinin çox önəmli və ən təməl ehtiyaclardan biri olduğunu bildirmək istəyirəm. Kapitalizmin hökmranlığı iqtisadiyyata və ticarətə hakim olmaqdan keçir. Xəritə yoluyla dünyada iqtisadiyyat və ticarət yollarını kəşf edib hakim olduqdan sonra dünyaya hakim olursan. Bizim türk dövlət ənənəsində siyasi hakimiyyətin ardınca həyata keçirilən ən təməl siyasətlərdən biri ticarət yollarının qorunmasıdır. İpəkyolunun dünyada bu qədər əhəmiyyətli olmasının ən əsas səbəblərindən biri bu yolun bizim coğrafiyalarımızdan keçməsi və bizim nəzarətimizdə olmasıdır. Biz bu yollarda ticarəti güçləndirdik və güvənliyini təmin etdik, bu da həm bizim coğrafiyada, həm də dünya iqtisadiyyatında önəmli izlər buraxdı və önəmli çağlara damğa vurdu. Bu səbəbdən də bu sərginin böyük önəm daşıdığını və türk dövlətləri arasında iqtisadi və ticari bağların möhkəmlənməsində böyük rol oynayacağını düşünürəm”.


 

  Çıxış edən Azərbaycanın Tükiyədəki Ticarət Təmsilçiliyinin baş məsləhətçisi Cavid Abdullayev vurğulayıb ki, türk dövlətləri iqtisadiyyatı bu gün inkişaf etməkdədir və biz də bu inkişafı böyük bir həyəcanla izləyirik. Azərbaycan da bu mənada güclənən bir iqtisadiyyata sahibdir, xüsusilə Xəzər dənizi üzərindəki strateji mövqeyimizlə türk dövlətləri coğrafiyasında özümüzə məxsus bir inkişaf izləməkdəyik. Əslində, bu gün Azərbaycanda həm türk dövlətləri, həm də digər ölkələrdən olan iş insanları üçün uyğun və əlverişli investisiya və ticarət imkanları yaradılıb. Bizim Türkiyədəki Ticarət Təmsilçiliyimiz də 2023-cü ildə məhz Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üçün körpü qurmaq və investorlara dəstək vermək məqsədilə yaradılıb. Bu sərginin təşkil edilməsini yüksək dəyərləndiririk və türk dövlətləri arasında iqtisadi fürsətlərin genişlənməsi üçün önəmli olduğunu qeyd etmək istəyirəm. 
Sonda bu ilin noyabrında təşkil olunacaq “Türk Dövlətlərinin iqtisadi gücü və Türk ticarət sərgisi”nin təşkilatçısı, azərbaycanlı vəkil Aygün Əliyeva çıxışında bir çox məsələlərə toxunub: “Bu gün türk dövlətləri iş dünyasının birliyi və birlikdə daha da güclü olacağımızı göstərmək üçün buradayıq. Biz çox vaxt keçmiş tarixi danışırıq, amma yüksək səviyyədə iqtisadi əlaqələri inkişaf etdirən türk dövlətlərində gömrük, ticarət, turizm, təhsil, nəqliyyat və bir çox sahədə önəmli işlər aparılır və bir çox böyük uğurlar əldə edilib. Vurğulamaq istəyirəm ki, özəl sektorun təmsilçiləri bu prosesdən kənarda tutulmamalı, qarşılıqlı investisiya, layihələr və yardım təşəbbüsləri müxtəlif sahələri əhatə edəcək şəkildə genişləndirilməlidir. Təkcə təbii sərvətlərə sahib olmaq inkişaf üçün kifayət deyil, biz iqtisadi strukturumuzu da şaxələndirməli və inkişaf etdirməliyik. Bu prosesdə ilk növbədə aramızdakı ticarət həcmini artırmalı, maneələri aradan qaldırmalıyıq. Biz qlobal güc ola bilərik, bu gücü səfərbər etmək üçün ilk növbədə iqtisadi inteqrasiyanı gücləndirməliyik. Xidmət ticarəti və investisiyalar sahəsində  sərbəst ticarət müqaviləsi işlərinin tamamlanması lazımdır.
  Zəngəzur dəhlizi Azərbaycan, Çin, Mərkəzi Asiya, hətta Ermənistan və Avropanı daha asan birləşdirə biləcək sosial, iqtisadi, geosiyasi və geostrateji baxımdan  mühüm layihə kimi xarakterizə edilir. Regionda hərbi, siyasi  münaqişələrin azalması ölkələr arasında ticarətin artmasına səbəb olacaq. Bundan əlavə Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran arasında dəmir yolu xəttinin genişləndirilməsini sürətləndirəcək, eləcə də Qafqaz regionunda ticarət həcmini artıracaq, bir çox ticarət yollarının açılmasına səbəb olacaq.
  Türkiyədə və digər türk dövlətlərində hər il təşkil edəcəyimiz türk ticarət sərgisini bu məqsədlərə çatmağımıza imkan verəcək strateji əhəmiyyətli bir addım kimi görürük. Sərgilər möhkəm və davamlı əməkdaşlıq üçün şirkətlərin doğru görüşmə nöqtələridir. Bu mənada bundan sonra da birlik içində çalışacağıq və bir birimizə dəstək olacağıq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim ailəmiz Türk Dünyasıdır. Biz bunu birgə səylərimizlə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada güc mərkəzinə çevrilsin. Biz buna ancaq birlikdə nail ola bilərik”. 

Yaqut Misirxanlı,
Xüsusilə “Şərq” qəzeti üçün