Ukraynanın taleyi Tramp-Putin danışıqlarının nəticəsində daha proqnozlaşdırıla bilən xarakterdə olacaq
ABŞ Prezidenti Co Bayden Ukrayna üzrə Rusiya ilə potensial danışıqlarda Qərb ölkələrinin mövqeyini gücləndirmək üçün səlahiyyət müddəti başa çatmamış AB orqanlarını Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinə həbs qoymağa inandırmaq üçün sonuncu cəhdini etmək niyyətindədir. Baydenin planına görə, Rusiyanın AB-dəki dondurulmuş aktivləri yalnız Vladimir Putin və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında görüşün Amerika üçün uğurlu olacağı təqdirdə blokdan çıxarılması nəzərdə tutulan xüsusi eskro hesaba köçürülməlidir. Yeni administrasiya gələnə qədər Rusiyanın aktivlərinin müsadirə edilməsi ideyası Bayden komandasının üzvləri və Trampın müşavirləri tərəfindən artıq müzakirə olunub. Trampın müşavirləri bu ideyanı dəstəkləyib, çünki bu, Moskva ilə danışıqlarda əlavə təsir imkanları verəcək. Lakin belə bir qərarın qəbul edilməsində məsul olan AB ölkələrinin rəhbərliyi buna şübhə ilə yanaşır. Birlik bütün Avropa bank sisteminin nüfuzuna böyük ziyan vurmaq riskini və beynəlxalq hüquq normalarının pozulmasının yolverilməzliyini vurğulayır.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ukrayna Rusiya ərazilərinə zərbələr endirsə də, faktiki olaraq öz ərazilərindəki cəbhə xətlərini dəyişməyə nail olmayıb. Ekspertə görə, bunun ən azından 3 səbəbini sadalamaq mümkündür:
"Ukrayna qoşunlarında canlı qüvvə çatışmazlıqları hökm sürür. Ukraynaya verilən silahlar Rusiyanın aşkar hərbi üstünlükləri qarşısında tarazlıq yarada bilmir. Ukrayna döyüşləri yenidən qruplaşdırmaq və yeniləmək üçün Rusiyanın müdafiə istehkamlarını yarmaq potensialından uzaqlaşır. Ukraynada da, Rusiyada da danışıqlara dair fikir ayrılıqlarının hökm sürdüyünü demək olar. Bunların fonunda yayılan bir neçə informasiya mümkün müzakirələrin əhatə dairəsini təsvir etməyə şərait yaradır. Rusiya Prezidenti Vladimir Putin Ukraynanı təcrid etmək və NATO-nu zəiflətmək üçün müharibədən əvvəlki maksimalist tələblərini saxlayır. Putin Ukraynada müharibənin dayandırılması ilə bağlı Qərb liderləri ilə istənilən mümkün danışıqlarda bu tələbləri yerinə yetirməyi hədəfləyir".
Analitik qeyd edib ki, "Financial Times" Kremlin keçmiş yüksək rütbəli rəsmisinə və Putinlə bu mövzunu müzakirə edən başqa mənbəyə istinadən yazıb ki, Putin Ukraynanın NATO-ya üzvlüyünə mane olmaq kimi müharibədən əvvəlki tələblərini davam etdirəcək:
"Kiyev istənilən nizamlanmanın mərkəzində atəşkəsə nəzarət oluna biləcəyinə dair qısamüddətli təminatlar almaqla daha uzunmüddətli təminatlar dayanan xətlərlə danışıqlara getməyə çalışır. Donald Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq keçən həftə 100 gün ərzində münaqişənin həlli üçün möhkəm və davamlı həll yolu tapacağına ümid etdiyini bildirib. Ukraynanın bu şərtlərlə qismən razı olduğunu demək mümkündür. Lakin Moskvanın dəyişməz hədəflərinin Tramp administrasiyasının planları ilə necə üst-üstə düşdüyü bəlli deyil. Ukraynanın taleyi Tramp-Putin danışıqlarının nəticəsində daha proqnozlaşdırıla bilən xarakterdə olacaq".