Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 46 yaşlı kişi xəstəxanada ölüb.

APA- nın yerli bürosu xəbər verir ki, oktyabrın 24-də saat 21:20 radələrində ağır vəziyyətdə olan şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Ona kəllə-beyin travması, sağ bazu və mil sümüklərinin, eləcə də qalça sümüyünün sınığı diaqnozları qoyulub.

Pasiyentə ilkin tibbi yardım göstərilib, reanimasiya tədbirləri aparılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Oktyabrın 25-də saat 00:55 radələrində ölüm faktı qeydə alınıb.

***

09:20

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən Tovuz rayon sakini, 46 yaşlı A. Əsgərovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.