Həyəcan təbili: Hər 10 uşaqdan 3-ü qəzəbini idarə etməkdə çətinlik çəkir

Uşaqların ekran qarşısında keçirdiyi vaxt artdıqca emosiyalarını ifadə etmək və sakitləşmək bacarıqları da zəifləyə bilər.

Sherg.az xəbər verir ki, Türkiyənin 12 şəhərində 911 valideynin iştirakı ilə aparılan araşdırma uşaqların sosial və emosional inkişafı ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub.

Araşdırmaya görə, hər 10 uşaqdan 3-ü qəzəbləndikdə və ya məyus olduqda sakitləşməkdə çətinlik çəkir, ağlayır və ya kəskin reaksiya verir. Gündə bir saatdan az ekran istifadə edən uşaqların 34 faizi danışaraq sakitləşə bildiyi halda, gündə dörd saat və daha çox ekran qarşısında vaxt keçirənlərdə bu göstərici 14 faizə düşür.

Məlum olub ki, uşaqların yalnız 18 faizi özünü təqdim edərkən hissləri haqqında danışır. Münaqişə zamanı uşaqların 31 faizi isə söhbəti və ya oyunu dayandıraraq vəziyyətdən uzaqlaşmağa üstünlük verir.

Araşdırmanın nəticələri əsasında Türkiyə Təhsil Könüllüləri Fondu (TEGV) və LC Waikiki uşaqların sosial və emosional inkişafını dəstəkləmək məqsədilə yeni təhsil proqramı hazırlayıb. Üç il ərzində 22 şəhərdə 27 min uşağın bu proqramdan faydalanması nəzərdə tutulur.

Mütəxəssislər valideynlərə uşaqların hisslərini anlamağı, sakitləşmələri üçün onlara vaxt verməyi və ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırmağı tövsiyə edirlər.