Fuad Abbasov: "Bu fonda Ermənistanın Rusiyanın əyaləti statusundan xilas olaraq Avropa üzvünə çevrilməsi heç də asan deyil"
Baş nazir Nikol Paşinyan Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləyib. Hökumət Aİ-yə qoşulma proseduruna başlamaq üçün qanun layihəsini parlamentə təqdim edib. Ermənistanın İslahatçılar Partiyasının sədri Vahan Babayan isə İrəvanı heç kimin ittifaqa dəvət etmədiyi, hökumətin boşuna hərəkətə keçdiyini bildirib: “Bizi Aİ-yə dəvət edən heç olmasa bir xarici ölkə liderinin adını çəkin. Yaxud yaşadığımız müharibələr zamanı Ermənistanı müdafiəyə hazır olduğunu rəsmi şəkildə elan edən hər hansı NATO üzvü olan ölkə varmı? Düşünün ki, dövlətlər yeni tikilmiş dəbdəbəli bir binada yaşayırlar. Bizi heç qonaq da çağırmırlar. Amma deyirik ki, öz mənzilimizdən imtina edib onlarla yaşamağa hazırıq. Heç hara yerləşəcəyini də bilmirsən. Hazırda düşdüyümüz vəziyyət budur”. İqtisadiyyat naziri Gevork Papoyan deyib ki, Avrasiya İqtisadi İttifaqından çıxmaq hazırda Ermənistan hökumətinin gündəmində deyil. AB-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə rəsmisi Anitta Hipper bildirib ki, Avropa Birliyi Ermənistan hökuməti tərəfindən təsdiqlənmiş və təşkilata üzvlük prosesinə başlamağı nəzərdə tutan qanun layihəsini təhlil edəcək və məsələ Ermənistan hakimiyyəti ilə müzakirə olunacaq: “Bu arada, artıq çox iş görmüşük və Avropa Birliyi ilə Ermənistan arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrasını həyata keçiririk. Bu saziş AB qanunlarına uyğunlaşma və genişmiqyaslı dəstək üçün imkanlar yaradır. Biz AB-nin “Sabitlik və İnkişaf Proqramı” çərçivəsində Ermənistana maliyyə dəstəyimizi artırmışıq və 2024-2027-ci illər üçün 270 milyon avro ayırmışıq. Bu vəsait ölkənin sosial və iqtisadi dayanıqlığını gücləndirmək, əlaqəlilik, ticarət və enerji müxtəlifliyini stimullaşdırmaq üçün nəzərdə tutulub”. O, həmçinin əlavə edib ki, AB və Ermənistan arasındakı əlaqələr indiyə qədər heç vaxt bu qədər sıx olmayıb. O, bunun ötən il bir sıra qərarlarla, o cümlədən viza liberallaşdırılması üzrə dialoqun başlanması və Avropa Sülh Fondundan 10 milyon avro dəstəyin ayrılması ilə təsdiqləndiyini xatırladıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil: "Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır". Baş nazirin müavini Aleksey Overçuk da Rusiyanın Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirə prosesinə başlamasını, İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirdiyini söyləyib.
Politoloq Fuad Abbasov "Sherg.az"a açıqlamasında deyib ki, bu addım onu göstərir ki, Ermənistan Rusiya-Ukrayna müharibəsinin Moskvanın məğlubiyyəti ilə başa çatacağına ümid bəsləyir. Ekspert vurğulayıb ki, böyük ehtimalla erməni lobbisi Bayden hökumətindən nəsə gizli məlumat alıb ki, ABŞ müharibəni Ukraynanın lehinə saxlamağa çalışır və hazırlaşır:
"Yəni Rusiya Ukrayna ilə savaşdan məğlub ayrılacaq. 2024-cü ilin sonunadək Ermənistan Rusiyanın Ukraynada qalib gələcəyi düşüncəsi ilə ölkədə növbəti antifaşist, antimilitarist hərəkatın başlaya biləcəyi təhlükəsindən ehtiyatlanırdı. Ancaq 2025-ci ilin əvvəlindən bu təhlükənin azaldığı görünür. Nəticədə Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı daha əmin açıqlamalar verməyə başladı. Əlbəttə ki, ortada hər hansı qərar yoxdur. Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendum keçirilməyib. Bütün bunların hamısı sadəcə olaraq siyasi bəyanat müstəvisindədir. Sanki İrəvan Rusiyanın nəbzini yoxlamağa çalışır. Üç günə Kiyevi tutmağı planlaşdıran Rusiya üç ildir ki, istəklərinə nail ola bilmir. Rusiyanın iqtisadi cəhətdən zəiflədiyi, ciddi sanksiyalar tətbiq olunduğu məlumdur".
F.Abbasova görə, ümumiyyətlə, 2018-ci ildən hakimiyyətə gətirilən Paşinyan hökumətinin qarşısında əsas missiya Ermənistanı rusiyasızlaşdırmaq idi:
"Frankafoniya dövlətləri də İrəvandan bunu tələb etməkdədir. ABŞ də SOROS vasitəsilə Paşinyana göndərdiyi yardımlar qarşılığında bunu istəyirdi. Artıq erməni ictimaiyyətinin kifayət qədər böyük hissəsi, Koçaryan-Sarkisyan hakimiyyətindən bezən, boğaza yığılan kəsim də hökumətdən Qərbə, Avropaya yönəlik addımlar atılmasını tələb edirlər. Bunu fürsət bilən Paşinyan Kremlin də nəbzini yoxlamaqla prosesə start vermək arzusundadır. Amma Koçaryan-Sarkisyan tərəfdarları da az deyil. Onların yenidən hakimiyyəti ələ keçirmək ambisiyaları da mövcuddur. Ermənistan ictimaiyyətinin əhəmiyyətli hissəsi Paşinyan tərəfdarıdırsa, önəmli bir hissəsi də keçmiş klanın tərəfindədir. Bu fonda Rusiyanın əyaləti statusundan xilas olaraq Avropa üzvünə çevrilmək heç də asan deyil. Rusiyanın Ermənistan iqtisadiyyatını nəzarətdə saxladığını düşünsək, bu, inandırıcı görünmür. Əgər İrəvanda avropalaşdırmaq siyasəti ciddiləşərsə, Ermənistan iqtisadiyyatına böyük zərbə vurula bilər".