Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Azərbaycan qarşıya qoyduğu hədəfləri gerçəkləşdirmək üçün Böyük Britaniyanın simasında dəstəyə ehtiyacı yaranır
Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb. Ümummilli Lider Heydər Əliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya səfərləri ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas sütununu təşkil edib. Xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndərin 1994-cü ildəki səfəri, Birləşmiş Krallığın Baş naziri Con Meycor ilə keçirdiyi görüş və imzalanan sənədlər ölkələrimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoydu. Həmin vaxtdan başlayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənib, möhkəm siyasi dialoq qurulub, iqtisadi sahədə önəmli nəticələr əldə olunub. Bununla paralel olaraq, humanitar sahədə də intensiv mübadilələr həyata keçirilib və əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Məhz bunun göstəricisidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda və daha geniş Xəzər dənizi hövzəsində Böyük Britaniyanın etibarlı tərəfdaşıdır. Bu tərəfdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlərdə də özünü aydın şəkildə göstərir. Azərbaycan Respublikasının dövlət başçıları Böyük Britaniyaya ümumilikdə 4 rəsmi və 7 işgüzar səfər ediblər. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin aprelində andiçmə mərasimindən sonra Türkiyəyə səfərinin növbəti günü Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin dəvəti ilə Londona səfər edib. Böyük Britaniya da bir çox sahələrdə, xüsusən enerji sektorunda uzunmüddətli etibarlı əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir. Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Tərəfdaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. 44 günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgiləyib. Ölkələrimiz arasında siyasi əlaqələr müxtəlif formatlarda uğurla davam etdirilir. Belə ki, 2016-cı ildən etibarən xarici işlər nazirlikləri arasında strateji dialoqun iclasları keçirilir. Həmçinin 1997-ci ildə Milli Məclisdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Birləşmiş Krallıq parlamentində isə 2014-cu ildə Azərbaycan üzrə parlament qrupu (All Party Parliamentary Group on Azerbaijan) təsis edilib. Bu qrupların birgə fəaliyyəti nəticəsində iki ölkənin parlament üzvləri arasında işçi əlaqələr yaradılıb, qarşılıqlı səfərlər həyata keçirilib. Böyük Britaniyanın yüksək səviyyəli nümayəndə heyətləri də dəfələrlə Azərbaycanda səfərdə olub. Bu səfərlər Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə təkan verməklə yanaşı, əlaqələrimizə yeni impuls qazandırır. Bu səfərlər arasında Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonun 2021-ci ilin fevralında ölkəmizə səfərini xüsusi qeyd etmək olar.
Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlər son zamanlar yeni mərhələyə qədəm qoyub. 2025-ci ilin avqust ayında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycana səfər edib. Onun Prezident İlham Əliyevlə görüşü, aparılan müzakirələrin mahiyyəti, geniş işgüzar dairələrlə təmasları qarşılıqlı faydalı və tarixi xarakter daşıyan tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdi və bu tərəfdaşlıq ardıcıl şəkildə inkişaf etməyə davam edir. Azərbaycan və Böyük Britaniya arasında rəsmi əlaqələr artıq uzun müddətdir ki, institusional əsasda qurulub. Bu çərçivədə müntəzəm olaraq Hökumətlərarası Komissiya (indiyədək 7 iclas keçirilib) və Strateji Dialoq formatında danışıqlar aparılır. Əsas sahələr üzrə əməkdaşlıq özünəməxsus inkişaf dinamikasına malikdir. Bu kontekstdə, enerji sektoru tərəflərin maraqlarının ən aydın şəkildə uzlaşdığı istiqamət kimi ön plana çıxır. Lakin Böyük Britaniya nazirinin səfəri çərçivəsində ən diqqətəlayiq hadisə iki ölkə arasında münasibətlərin “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldilməsinin elan edilməsi oldu. Bu addım iki ölkə arasında münasibətlərin intensivləşməsi və genişlənməsi üzrə son dərəcə uğurlu inkişaf xəttinin məntiqi yekunu kimi qiymətləndirilə bilər. Azərbaycan-Böyük Britaniya münasibətləri strateji tərəfdaşlığın nə demək olduğunu, iki ölkənin necə bu mərhələyə gəldiyini və gələcək illərdə bu yüksəlişin davam etməsi üçün hansı yanaşmanın tələb olunduğunu mükəmməl şəkildə əks etdirir. İkitərəfli münasibətlərdəki cari inkişaf xətti göstərir ki, strateji tərəfdaşlığın elan olunması vaxtında verilmiş qərardır və tərəflər arasındakı etimadı daha da gücləndirəcək. Əgər bu müsbət dinamika davam edərsə, Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələr, fərqli qitələrdən olan və fərqli güc səviyyələrinə sahib iki ölkənin etimad və ortaq məqsədlər sayəsində həm fərdi, həm də birgə təhlükəsizliyi inkişaf etdirə bilməsinin nümunəsinə çevriləcək. İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. BP Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. BP “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələrinin operatoru, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biridir. BP Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandığı vaxtdan etibarən SOCAR və BP arasında enerji sahəsində uğurlu əməkdaşlıq qurulub və 2017-ci il sentyabrın 14-də SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Britaniya əməkdaşlığında növbəti tarixi hadisədir. Bu saziş ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və faydalı investisiya layihələrinin uğurlu təzahürüdür. Azərbaycanda 500-dən çox Birləşmiş Krallıq investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Bu rəqəm iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin mühüm göstəricisidir. Mühüm istiqamətlərdən biri də odur ki, Britaniya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpası, o cümlədən minalardan təmizlənməsi işində iştirak üçün maraq göstərir.
Politoloq Əli Oruclu Sherg.az-a açıqlamasında deyib ki, Böyük Britaniya dünyanın güc mərkəzlərindən və BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi beynəlxalq nizamın formalaşmasında önəmli rol oynayır. Ekspert qeyd edib ki, Böyük Britaniya iqtisadi cəhətdən lider ölkələrdən biridir:
"Azərbaycan müstəqilliyinə təkrar qovuşduqdan sonra Böyük Britaniya ilə əlaqələrə üstünlük verdi. Hər iki dövlət ilkin olaraq neft-qaz sahəsində tərəfdaşlıq etsələr də, sonradan əlaqələr daha da genişləndi və bir çox sahələri əhatə etdi. Britaniya Azərbaycana ən çox investisiya yatıran ölkələrin ilk sıralarında qərarlaşdı. Ermənistan-Azərbaycan arasında keçmiş münaqişə zamanı və 44 günlük müharibədə Birləşmiş Krallıq ədalətli mövqe sərgiləyərək Bakını müdafiə etdi. Halbuki, bəzi Qərb dövlətləri, xüsusən vasitəçi missiyasını üzərinə götürmüş Fransa Ermənistanı açıq şəkildə dəstəkləyirdi. Doğrudur, münaqişə dönəmində balans saxlamaq məqsədilə London Ermənistana və Azərbaycan silah satışına qadağalar qoymuşdu. Lakin müharibədən sonra bu mədudiyyəti aradan qaldırdı".
Ə.Orucluya görə, Bakı-London arasında əməkdaşlığın artım dinamikası və çoxşaxəli inkişafı hər iki dövlətin maraqlarına uyğundur:
"Geopolitik mübarizənin qızışdığı və dünyanın təsir dairəsinə bölünməsi uğrunda amansız rəqabət, dünyadakı qeyri-sabitlik Azərbaycanın maraqlarının daha etibarlı və güvənli təmin edilməsini şərtləndirir. Cənubi Qafqaza Rusiyanın ekspansiya təhlükəsi qalmaqdadır, İran amili də var. Ermənistanda mürəkkəb mənzərə yaranıb. Beynəlxalq terrorizm, kibercinayətkarlıq və bu kimi problemlər fonunda dünyanın ən inkişaf etmiş və qüdrətli bir dövləti ilə sıx əməkdaşlıq Azərbaycana böyük üstünlüklər qazandırır. Prezident İlham Əliyev beynəlxalq və regional riskləri və təhdidləri doğru-düzgün qiymətləndirərək ölkənin müdafiə qabiliyyətini daha da artırmaq istiqamətində fəal iş görür. Bu, təkcə ən müasir silah-sursatla, yüksək texnologiyalarla məhdulaşmır, həmçinin strateji müttəfiqlərinin sayının çoxalması ilə xarakterizə olunur. Təqdirəlayiq haldır ki, bu yöndə müsbət və böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri ilə görüşləri və aparılan müzakirələr məhz bu qəbildəndir".
Analitik bəyan edib ki, Ukrayna-Rusiya müharibəsi də sonsuzadək davam etməyəcək və Kreml gec-tez itirdiyi mövqelərinin bərpasına can atacaq:
"Heç şübhəsiz, ilk hədəf regionun ən qüdrətli və nüfuzlu dövlətinə çevrilən Azərbaycan olacaq. Bakı son illər Mərkəzi Asiyada da xeyli fəallaşıb. Bütün bunlar təbii ki, Kremlin diqqətindədir. Odur ki, Azərbaycan qarşıya qoyduğu hədəfləri və ambisiyalarını gerçəkləşdirmək üçün Böyük Britaniyanın simasında dəstəyə ehtiyacı yaranır. Birləşmiş Krallığa regional maraqlarının təmin edilməsində Azərbaycan önəm daşıyır. Demək, qarşılıqlı maraqlar bu dövləti bir-birilərinə daha yaxın edir. Düşünürəm ki, bu səfərin də mühüm təsiri olacaq".