Tramp-Putin görüşü İstanbul və ya Bakıda ola bilər -PROQNOZ

Azərbaycan belə bir görüşün keçirilməsi təcrübəsinə malikdir

“Qərarın necə olacağı iki tərəfin mövqeyindən asılı olacaq. Zamanın müəyyənləşdirilməsi məsələsi də bir qədər qeyri-müəyyəndir" 

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Rusiya rəhbəri Vladimir Putinlə mümkün qədər tez bir vaxtda görüşmək istədiyini deyib. Trampın sözlərinə görə, bunun üçün ilk növbədə vəzifəsinin icrasına başlamalıdır: “Mən bilirəm ki, o da mənimlə görüşmək istəyir. İstərdim ki, bu görüş mümkün qədər tez baş tutsun. Lakin əvvəlcə gərək mən prezident vəzifəsini yerinə yetirməyə başlayım”. Qeyd edək ki, D.Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək Mayk Uolts Trampla Putin arasında telefon danışığının yaxın vaxtlarda baş tuta biləcəyini istisna etməyib. Bu arada, bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kreml rəhbərinin ABŞ-nin yeni rəhbəri ilə qeyd-şərtsiz görüşməyə hazır olduğunu açıqlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Rusiya ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş haqqında konkret təkliflər almayıb. Lakin Lavrov Rusiyanın belə bir görüşə hazır olduğunu açıqlayıb. Lavrovun müavini Sergey Ryabkov da Rusiya ilə ABŞ arasında təmasların Trampın inauqurasiyasından sonra mümkün olduğunu söyləyib. O da Moskvanın Vaşinqtonla dialoqa hazır olduğunu vurğulayıb. 

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, hazırda Kremldə Trampla görüşə çox böyük ümidlər bəsləyirlər. Xüsusilə də Prezident Putinin ABŞ-nin yeni prezidenti ilə görüşmək üçün xüsusi canfəşanlıq etdiyi haqqında məlumatlar var. Ekspertə görə, Rusiya üçün çox çətin bir dövr artıq başlayıb:
 "Rusiyanın hərbi potensialı tükənmək üzrədir. Hazırda Rusiya iqtisadiyyatında çöküş prosesi təhlükəli mərhələyə keçid edib. Ona görə də Ukrayna savaşının dayandırılması və Rusiyanın nəfəslik qazanması olduqca vacib xarakter daşıyır. Məhz o səbəbdən Prezident Putin Trampla görüşmək üçün tələsir, gecikmək istəmir. İtirilən hər gün və yaxud hər ay Rusiyanın gələcək taleyi üçün geriyədönməz situasiya yaradır. Kreml mümkün qədər tez zamanda Ukrayna savaşından xilas olub öz itkilərini bərpa etmək niyyəti güdür. Ancaq Trampın Ukrayna savaşına yönəlik siyasətində də müəyyən dəyişikliklər müşahidə olunur. Ukrayna savaşını bir günə həll edəcəyini vəd edən Donald Tramp indi bu prosesin 6-7 ay çəkə biləcəyini bildirir. Bununla da, Rusiyaya təzyiq göstərməyə çalışır. Mesaj verir ki, əgər Rusiyaya sülh lazımdırsa, onda Rusiyada sülh danışıqları prosesində müəyyən güzəştlərə hazır olmalıdır. Əks halda sülh danışıqları prosesi və Ukrayna savaşının dayandırılması cəhdləri 6-7 ay uzana bilər. Belə situasiyada təbii ki, hər iki tərəfin görüşə razı olması da böyük önəm daşıyır".

Siyasi şərhçi vurğulayıb ki, əslində, Tramp administrasiyası və Kremlin emissarları arasında birbaşa təmaslar çoxdan başlayıb: 
"Kreml Tramp administrasiyası ilə görüşmək üçün bəzi dövlət məmurlarını da Amerikaya göndərib və müəyyən danışıqlar aparılıb. Bəzi razılaşmaların olduğu haqqında məlumatlar var. Ancaq daha konkret, qəti mövqeyə gəlmək üçün Tramp və Putin arasında birbaşa ikitərəfli görüşün keçirilməsinə ehtiyac duyulur. Hazırda belə bir görüşün keçirilməsinə hazırlıq olduğu bildirilir. Üstəlik, görüşün keçirilə biləcəyi şəhərlərlə bağlı da müxtəlif versiyalar ortaya atılmaqdadır. Bəzi ehtimallara görə, bu görüşün Avstriyanın paytaxtı Vyanada, eyni zamanda Qazaxıstanın paytaxtı Astanada, Azərbaycanın paytaxtı Bakıda, yaxud da Dubayda, Türkiyənin nəhəng şəhəri İstanbulda və s. yerlərdə keçirilə biləcəyi ilə bağlı versiyalar mövcuddur. Təbii ki, burada hər iki prezidentin seçimi böyük önəm daşıyır. Nəzərə almaq lazımdır ki, Putin haqqında Beynəlxalq Cinayət Məhkəməsinin həbs-qətimkan tədbiri, həbs qərarı mövcuddur. Ona görə də Kremlin Prezident Putinin təhlükə ilə üzləşə biləcəyi bir şəhərdə görüşün keçirilməsinə razılıq verəcəyi inandırıcı görünmür. Eyni zamanda, Donald Trampın da Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatına üzv olan bir dövlətin ərazisində, Qazaxıstanda görüşə razılıq vermə ehtimalı olduqca aşağıdır". 

E.Xalidbəyli düşünür ki, Tramp-Putin görüşü üçün ən optimal iki şəhər daha çox ön plana keçmiş kimi görünür:
 "Bunlardan biri İstanbul, digəri isə Bakı hesab olunur. Bildiyiniz kimi, ABŞ və Rusiya generalları arasında Bakıda belə bir görüş keçirilmişdi. Azərbaycan belə bir görüşün keçirilməsi təcrübəsinə malikdir. Yəni görüş Bakıda keçirilərsə, tamamilə uğurlu və effektiv ola bilər. Ancaq yekun qərarın sadalanan şəhərlərdən başqa şəhər ola biləcəyi də istisna deyil. Çünki İsveçrə də Tramp-Putin görüşünün keçirilməsinə ev sahibliyini təklif edib. Versiyalar həddən artıq çoxdur. Qərarın necə olacağı iki tərəfin mövqeyindən asılı olacaq. Zamanın müəyyənləşdirilməsi məsələsi də bir qədər qeyri-müəyyəndir".