“Moskva Vardanyanı Rusiya vətəndaşlığından çıxartdı və bir proyekt kimi onun Qarabağa göndərilməsini rəsmiləşdirdi”
“Ona görə də Ermənistanın bundan imtina etməsi təbiidir. Çünki Vardanyan gələcəkdə Paşinyanın yerinə alternativ kimi hazırlanan adamdır"
Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sabah sülh müqaviləsinin hazırlanması ilə bağlı görüşü planlaşdırılırdı, lakin İrəvan iştirakdan imtina edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya XİN Ermənistanın görüşdən imtinası ilə bağlı təfərrüatı açıqlamayıb.
Açıqlamanın ardınca isə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Nazirlər bölgədə və Laçın yolu ətrafında cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini və Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu diqqətə çatdırıb.
Bununla yanaşı, azərbaycanlı aktivistlərin etiraz aksiyasının Azərbaycan ərazilərində ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətinə qarşı həyata keçirildiyi və bu, habelə hərbi təxribatların qarşısının alınması barədə etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu vurğulanıb.
Məsələni “Sherg.az”a dəyərləndirə Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli söyləyib ki, rəsmi Moskvanın verdiyi açıqlamalar İrəvanı qane etməyib:
“Bu gün Paşinyanın sülhlə bağlı mövqeyi elan olundu. Biz isə dərhal hesablama apardıq ki, onun öz düsturu var. Bu düstur sülhün bağlanmaması üçün hesablanıb. Yəni burada Qarabağ məsələsi, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi və 10 Noyabr razılaşmasının yerinə yetirilməyən müddəaları yer almır. Belə bir halda isə Azərbaycan təklifi qəbul edə bilməz.
Ortada həm Ermənistanın xahişi ilə BMT-də müzakirəyə çıxarılan məsələ, həm də müəyyən bir görüşün planlaşdırılması var. Digər tərəfdən Paşinyan beynəlxalq birlikdə guya “biz sülh istəyirik, amma Azərbaycan tərəfi istəmir” fonu yaratmağa çalışır. Açığı ucuz şou yaratmaqla məşğuldurlar.
Paşinyan üçün bu şounu yaradan bir çox faktorlar yer alır. Biz bunu təkcə Qərblə bağlaya bilmərik. Eləcə də XİN başçılarının görüşünün baş tutmasına bu kontekstdən baxmaq lazımdır.
Ümumiyyətlə, Paşinyanın mövqeyinin açıqlanmasının ardından Azərbaycanın görüşə gəlmək istəyi və Rusiyanın Laçın yolu ilə bağlı verdiyi açıqlamalar İrəvanı qane etmədi. Kreml isə ortada iki gediş etdi. Birincisi, görüş ərəfəsində sülhməramlılarla bağlı məsələni gündəmə gətirdi. İkincisi, Vardanyanı Rusiya vətəndaşlığından çıxartdı və bir proyekt kimi onun Qarabağa göndərilməsini rəsmiləşdirdi.
Ona görə də Ermənistanın bundan imtina etməsi təbiidir. Çünki Vardanyan gələcəkdə Paşinyanın yerinə alternativ kimi hazırlanan adamdır".