“Hesab edirəm ki, Rusiya rəhbəri desə də, deməsə də ilk növbədə təmaslar olmalı, tərəflər biri-birini dinləməli və ondan sonra qərarlar verilməlidir”
Təhdidlər və çağırışlar artır, MDB üzvləri arasında da fikir ayrılıqları yaranır, lakin Birlik ölkələri arasında onları həll etmək hazırlığı var.
Bunu Rusiya Prezidenti Vladimir Putin MDB liderlərinin qeyri-forma sammitində çıxışında bildirib.
"Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır. Təəssüf ki, biz etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, əməkdaşlıq etməyə hazırıq. Hər hansı problemli məsələlər ortaya çıxsa belə, biz onları özümüz birlikdə bir-birimizə yoldaşlıq yardımı göstərərək həll etməyə çalışırıq”, deyə Rusiya Prezidenti vurğulayıb.
V.Putin onu da qeyd edib ki, MDB ölkələri arasında əməkdaşlıq uğurla davam edir:
"Son bir ildə dövlətlərimizin çoxşaxəli qarşılıqlı əlaqəsi bütövlükdə uğurla inkişaf edib. Bunu bizim aramızda, Rusiya ilə bütün MDB ölkələri arasında ticarət dövriyyəsinin davamlı artımı da təsdiqləyir. Yanvar-oktyabrda ticarət dövriyyəsinin həcmi 6,6 faiz artaraq 81,5 milyard dollara çatıb. Bu ilin sonuna qədər onun 100 milyard dollara çatacağını gözləməyə əsas var. Sonda bir daha əmin olduğumu bildirmək istərdim ki, MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verir, Birlik dövlətlərinin sosial-iqtisadi inkişafı problemlərinin daha səmərəli həllinə, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə kömək edir".
Məsələni “Sherg.az”a dəyərləndirən politoloq Tofiq Abbasov vurğulayıb ki, qonşu dövlətlər arasında hər zaman fikir ayrılıqları və mübahisəli məqamlar olur:
“Məsələn, elə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını götürə bilərik. Onların hamısı müxtəlif kateqoriyalı çətinliklərdir. Bəziləri süni şəkildə, bəziləri də təbii sürətdə meydana gəlir. Amma ilk növbədə hüquqi göstəricilərə nəzər yetirmək lazımdır.
Çünki həqiqətən də hüquqi baxımdan ölkələrin biri-birinə qarşı olan iddiaları əsaslıdırsa, o zaman mütləq şəkildə dialoq atmosferi formalaşmalıdır. Belə olmadığı təqdirdə isə çətinliklər olduğu kimi qalacaq və heç bir irəliləyiş olmayacaq. Rusiyanın özünün də qonşuluğundakı Ukrayna, Qazaxıstan və.s kimi dövlətlərlə münasibətlərində gərginliklər var.
Ümumiyyətlə, reallığı tanımaq, heç də ortadakı çətinliklərin yaxın gələcəkdə aradan qaldırılmasından xəbər vermir. Hesab edirəm ki, Putin desə də, deməsə də ilk növbədə təmaslar olmalı, tərəflər biri-birini dinləməli və ondan sonra qərarlar verilməlidir”.