Belə görünür ki, İran və Ermənistan ekspertləri anti-Azərbaycan təbliğatında qüvvələrini birləşdirmək qərarına gəliblər.
Bunu təkcə son bir ayda baş verənlər təsdiq etməkdədir. Keçirilən birgə tədbirlər, mediada şifahi və yazılı çıxışlar hər iki ölkənin regionda və dünyada Azərbaycan Respublikasının mövqeyinin durmadan güclənməsindən ciddi narahatlıq keçirdiyini və bu səbəbdən, necə deyərlər, əl-ələ vermək, resursları və imkanları birləşdirmək üçün çalışdıqlarını aydın şəkildə nümayiş etdirir.
Nəticə olaraq, Əhməd Kazımi, Salar Seyfəddini, Ehsan Movəhhediyan kimi İran ekspertləri ilə Vardan Voskanyan, Armen İsraelyan, Janna Vardanyan kimi iranşünas erməni politoloqlarının Azərbaycana qarşı eyni mövqedən çıxış etdiyi, az qala eyni tezisləri və iddiaları səsləndirdiyi göz önündədir.
Başqa sözlə, özünü “İslam Respublikası” adlandıran İran bütün digər sahələrdə olduğu kimi, ekspertlər səviyyəsində də Ermənistana dəstəyini əsirgəmir. İranın rəsmi və qeyri-rəsmi mediası ölkə ekspertlərinin anti-Azərbaycan çıxışlarına geniş yer ayırdığı kimi, Ermənistan ekspertlərinin Azərbaycan əleyhinə təbliğatına da səxavətlə imkan yaradır, xüsusən fars dilini bilən erməni iranşünaslara hər fürsətdə meydan verir.
Məsələni “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, həmin ekspertlərin iki kateqoriyanı təmsil etdiyi görünür:
“Bunların bir qrupu dövlətlə gizli əlaqədə olan şəxslərdir. Yəni İran dövlətin deyə bilmədiklərini və fikirlərini ifadə edirlər. Digər bir qismi isə daha çox fars-şovinist düşüncəli şəxslərdir. Amma onlar da "SEPAH" içərisində və dövlətin fərqli vəzifələrində olan paniranist qüvvələrlə əlbirdirlər. Bəzən bu qüvvələr dərin dövlətin istəyinin əleyhinə olaraq, Güneydəki türklərlə bağlı da provokativ yazılar dərc edirlər. Sözügedən "ekspertlərin" hamısına mərkəzdən komanda gəlib ki, aktiv şəkildə anti-Azərbaycan siyasətinə dəstək versinlər. Həmin şəxslərin bəziləri çox irəli gedərək, Ermənistanla ittifaqın tərəfdarı kimi çıxış edirlər. Onlar açıq şəkildə "Biz Ermənistanın işinə qarışa bilmərik. Ancaq onlar bizimlə müttəfiq olmaq istəyirlərsə, razıyıq" fikirlərini səsləndirirlər. Bu əslində İranın mövqeyinin çatdırılmasıdır. Yoxsa hansısa ekspert və ya jurnalist İranın hansı ölkə ilə müttəfiq olacağını müəyyən edə bilməz.
Hətta onlar "Ermənistan bizimlə hərbi baxımdan müttəfiq olmağa hazır deyilsə belə, biz İranın bütün sonuncu nailiyyətlərini onlarla bölüşməyə hazırıq" deyirlər. Burada söhbət dronlardan, raket sistemlərindən və İran istehsalı olan digər silahlardan gedir. Biz İran tərəfindən Ermənistana toplam 600 ədəd raketin ixrac olunduğunu görmüşük. Bundan əlavə İrandan Ermənistana Laçın dəhlizindən istifadə etməklə 12 nəfər də bir xüsusi texniki təxribatçı dəstə gəlib. Böyük ehtimalla onların sözügedən raket sistemlərinin fəaliyyəti ilə bağlı təlim vermələri planlaşdırılıb".
T.Rzayevin sözlərinə görə Azərbaycan Türkiyə koalisiyasına qarşı , Ermənistan İran koalisiyası formalaşır:
"Əslində ortada yeni olan Azərbaycan-Türkiyə ittifaqıdır. Çünki İran-Ermənistan ittifaqı 30 ildir, fəaliyyət göstərir. Bu ittifaqın xarici dayaqları da var. Onlar Fransa, Avropa İttifaqı, Yunanıstandan açıq dəstək alırlar. Müəyyən qüvvələr isə Hindistan və Çin üzərindən silah göndərərək gizli yardım edirlər. Azərbaycan buna qarşı daxili təhlükəsizliyini, milli ordusunu gücləndirməli, ittifaqda olduğu ölkələrlə münasibətləri daha da irəliyə daşımalı və İranla Ermənistanın zəif nöqtələrini taparaq onlara qarşı adekvat cavab addımları atmalıdır".