"17-19 fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir. Beləliklə, ikitərəfli görüşün və növbəti debatın keçirilə biləcəyi məsələsini də gündəmə gətirir".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik 44 günlük müharibədən öncə - 2020-ci ilin fevralında tərəflərin Münhendə təşkil edilən debatını xatırladıb:
"İ.Əliyevin açıq üstünlüyü və Paşinyanın məşhur “kokeyşn büro” söhbəti ilə yadda qalan debat həm də Azərbaycan və Ermənistan liderlərinin beynəlxalq ictimaiyyət önündə ilk açıq müzakirəsi idi. Həmin vaxt Bakı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün debatda maraqlı tərəf idi. İndi isə “Qarabağdakı ermənilər “humanitar fəlakət”lə üzləşib” iddialarını yaymaq baxımından Ermənistan debatın təşkilini istəyə bilər. Hərçənd, İ.Əliyevlə üz-üzə gələrsə, Paşinyanın yenidən çətin vəziyyətə düşməsi qaçılmaz olacaq".
A.Nərimanlının qənaətincə, Münhendə İ.Əliyevlə Paşinyanın ikitərəfli görüşünün keçirilməsində maraqlı tərəf isə Fransadır:
"Mümkündür ki, Fransa prezidenti Emmanuel Makron belə bir görüşün baş tutması ilə “vasitəçiliyi”ni bərpa etməyə və Fransanın Cənubi Qafqazda aktiv rol oynadığını nümayiş etdirməyə çalışacaq. Türkiyə (zəlzələyə görə) və Rusiyanın liderlər səviyyəsində iştirak etməyəcəyi Münhen özünü göstərmək baxımından da Makron üçün fürsətdir. Lakin belə bir görüşün baş tutub-tutmayacağında həlledici sözü yenə İ.Əliyev deyəcək".
Qeyd edək ki, 2020-ci ilin fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı keçirilmişdi. Həmin gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Paşinyan çaşsa da, doğrunu söyləmişdi.
Sitat: “Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın... yox, üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi”.