"Gözlənildiyi kimi, Münhen Təhlükəsizlik Konfransında əsas mövzu Ukraynadır. Çıxış edənlər Rusiyanı sərt tənqid edir, Ukraynanın qələbəsinin hamı üçün, o cümlədən Rusiyaya qonşu dövlətlər üçün vacib olduğunu bildirirlər. Haqlıdırlar, Rusiyaya qonşu olan ölkələr Ukraynanın qələbəsini arzulayırlar. Belarus prezidenti Aleksandr Lukaşenko belə Kremldən asılı olsa da, daxilən Rusiyanın qələbəsini istəməz, çünki qələbə Kreml sahibinin iştahasını artıracaq".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirir ki, konfransda müharibənin uzanacağını və Rusiyanın parçalanacağını ehtimal edənlər var:
"Bu SSRİ dağılandan ilk konfransdır ki, Rusiya rəsmilərindən heç kim Münhenə dəvət olunmayıb. Rusiyanı konfransda prezident Vladimir Putinə müxalif olan bir neçə şəxs dəvət olunub. Münhendə konfrans davam edərkən Rusiya ordusu Putinin əmri ilə Ukraynada bir neçə istiqamətdən hücuma keçib. Bu Rusiyanın işğalı genişləndirmək üçün bəlkə də son şansıdır. Ukrayna ordusu hücumun qarşısını alaraq uğurlu əks-həmləyə başlasa Rusiya ordusuna ağır olacaq".