“Rusiya və Polşanın kəskin münasibətləri dünyaya aydındır”
“Baydenin Kiyevdə verdiyi bəyanatlar birbaşa Rusiyaya ünvanlanıb. Rusiyanın Ukraynadakı istəkləri gerçəkləşməyəcək"
Fevralın 21-də ABŞ Prezidenti Co Bayden Kiyevə səfərdən sonra Polşaya gedib.Bu, Amerika prezidentinin Polşaya ikinci səfəridir. Öncə Bayden və paytaxt Varşavada ölkə lideri Anjey Dudanın təkbətək görüşü olub, sonra isə mətbuat konfransı keçirilib. Liderlər ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Ukraynaya dəstək üçün kollektiv səyləri müzakirə edib.
ABŞ Prezidenti Ukraynada müharibənin ildönümünə həsr olunmuş müraciətlə çıxış edib. Bu gün- fevralın 22-də isə ABŞ rəhbəri Varşavada Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyanın daxil olduğu “Buxarest Doqquzluğu” ölkələrinin liderləri ilə görüşəcək.
Baydenin Polşa səfərini “Sherg.az”a dəyərləndirən politoloq Həsrət Rüstəmov bildirib ki, Rusiyanın Ukrayanı işğal etməsi keçmiş Sovet İttifaqının tərkibindəki Avropa ölkələrinə təhdiddir. Amerika siyasətçiləri bunu gizlətmirlər:
“Hətta Rusiya ictimaiyyətində rəsmi Moskvanın təsir dairəsinə təkcə Ukrayna yox, keçmiş SSR ölkələrinin də qaytarılmalı olduğu barədə fikirlər səsləndirilir. Bayden göstərmək istəyir ki, Amerika və Qərb heç vaxt Rusiyanın keçmiş SSR-nin hüdudlarına qayıtması ilə razılaşmayacaq. Söhbət işğaldan yox, nüfuzuna keçirməkdən gedir. Baltikyanı ölkələr də həmin məsələni dəfələrlə qaldırıb, Amerikadan müdafiə gözləyirlər.
Ukraynadan sonrakı hədəf Polşadır. Polşa müharibədə Ukrayna qədər iştirak edir. İlk Ukrayna qaçqınları da Polşaya yerləşmişdi. Rusiya və Polşanın kəskin münasibətləri dünyaya aydındır.
Baydenin Kiyevdə verdiyi bəyanatlar birbaşa Rusiyaya ünvanlanıb. Rusiyanın Ukraynadakı istəkləri gerçəkləşməyəcək".