Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək. Bu barədə Rusiya Xarici İşlәr Nazirliyini mәtbuat katibi Mariya Zaxarova bildirib. Diplomat qeyd edib ki, səfər Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də yüksək səviyyədə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümü münasibətilə həyata keçirilir.
M.Zaxarova vurğulayıb ki, Bakıda aparılacaq dialoq əsnasında ikitərəfli münasibətlərin bütöv bir kompleksi, aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq. 2020-ci il noyabrın 9-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da, 2022-ci il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi vəziyyətinə xüsusi diqqət yetiriləcək.
Bu sənədlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox mühüm elementləridir və Cənubi Qafqazın sülh, sabitlik və tərəqqi zonasına çevrilməsinə kömək etməlidir.
Rusiyalı nazir Bakıya səfərinin ikinci günündə Rusiya-Azərbaycan Ekspert Şurasının müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə həsr olunmuş plenar iclasında çıxış edəcək.
Rusiya XİN-in Azərbaycana səfərini "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, S.Lavrov Azərbaycana nə vaxt gəlirsə, problem yaşanır:
"M.Zaxarova Lavrovun gəlişinin bir sıra detallarına toxundu. İndi Azərbaycan və Ermənistan rəhbərliyi yenidən Brüsselə gedir, müəyyən razılaşmalar var. Rusiya bundan narahatdır. Region ölkələrini öz təsir dairəsində saxlamaq üçün münaqişələrdən istifadə edir. Münaqişənin aradan qalxması Rusiyanın ənənəvi Qafqaz siyasətinə zərbədir, qarşısını almağa gəlir.
Lavrovun indiki səfəri hansısa əldə olunan irələliləyişi aradan qaldırmağa imkan verməməlidir. 2020-ci il müharibəsinin nəticələrinin fakta, hüquqa keçməsi gecikir.
Ekspert Şurasında müzakirə olunacaq ki, Azərbaycan və Rusiya arasında müttəfiqliyin bir ilidir. Rusiya Azərbaycana hörmət göstərməli, ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləməlidir.
Təhlükəsizlik problemləri iki dövlət arasında münasibətlərin əsasını təşkil edir".