Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək. Bu barədə İsrail mətbuatı məlumat yayıb. Səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir.
Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 18-də “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Qanun imzalayıb. Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov martın 2-də etimadnaməsinin surətini İsrail Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi Gil Haskelə təqdim edib.
Səfəri "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, bu addım həm rəmzi, həm də praktiki məna daşıyır:
"Bu illər ərzində Azərbaycan-İsrail münasibətləri intensiv şəkildə inkişaf edib. İki ölkə arasındakı həm siyasi, həm hərbi, həm də iqtisadi dialoq çox güclüdür. Hazırda Cənubi Qərbi Asiya regionu qeyri-stabil vəziyyətdədir. Bu vəziyətdə də regionda Azərbaycan və İsrail əməkdaşlığı vacib əhəmiyyət kəsb edir. Çünki hər iki ölkənin uzunmüddətli maraqları var".
Analitik sözlərinə görə, C.Bayramovun səfəri münasibətlərimizin konyuktur məqsədlər daşımadığnın göstəricisidir:
"Səfirliyin açılmasına İsrailin islam ölkələri ilə münasibətləri yaxşılaşdırması prizmasından da baxmaq olar. Belə ki, son vaxtlar rəsmi Təl-Əviv bir çox ərəb ölkələri və Türkiyə ilə yaxşı münasibətlər qurub. Bu isə həmin istiqamətdə atılan növbəti addımdır və İsrailin regiondakı potensialını gücləndirir. Səfirliyin açılması digər tərəfdən İsrail və Azərbaycan münasibətlərinin perspektivlərini artırır. Ona görə ki, müsəlman aləmində Azərbaycan İsrail üçün ən yaxın ölkələrdən biri, bəlkə də birincisidir. Həmçinin səfirliyin açılması rəsmi Bakının və Təl-Əvivin xarici-siyasi potensialının artırılması üçün xüsusi imkanlar yaradır".