İrana hərbi müdaxilə masadadır! - RƏY


“ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər”

“Əgər Qərbin çıxış yolu qalmasa,  belə bir addım da atıla bilər"


ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər. Bu barədə Ağ Evin yaydığı iki ölkənin birgə bəyanatında deyilir. “Rəsmilər İranın nüvə proqramının irəliləyişini böyük narahatlıqla nəzərdən keçirdilər və İsrail ilə ABŞ arasında çoxillik təhlükəsizlik tərəfdaşlığının daha da gücləndirilməsinin qarşılıqlı məqsədini bir daha təsdiq etdilər”, - deyə məlumatda bildirilir. ABŞ Silahlı Qüvvələri ilə İsrail Müdafiə Qüvvələri arasında keçirilən son birgə təlimlərin nəticələri də müzakirə olunub. Görüş zamanı hər iki tərəf “İsrailin təhlükəsizliyini və Yaxın Şərq regionuna siyasi inteqrasiyasını daha da dərinləşdirmək üçün səylərini” nəzərdən keçirib.

Qərbin Sanksiyalar üzərindən İrana təzyiq göstərməyə çalışdığını deyən siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az”a vurğulayıb ki, həmin sanksiyalar cənub qonşumuza o qədər də ciddi təsir göstərmir və rəsmi Tehran nüvə proqramından imtina etməyib:

“Son açıqlamalar İranın uranı təxminən 83 faiz zənginləşdirə bildiyi yonündədir. Bu da nüvə silahını yaratmaq üçün çox az bir işin qaldığını göstərir. Yəni ehtimallara görə 90 faizə qədər uranı zənginləşdirə bilsələr nüvə silahı yarada bilərlər. Hətta açıqlamalar var ki, rəsmi Tehran təxminən 12 gün ərzində nüvə silahı yarada bilər. 

Bundan isə Qərb və digər siyasi dairələr ciddi şəkildə narahatdırlar. Çünki İran nüvə silahı əldə edə bilsə, cox ciddi geopolitik dəyişikliklər baş verə bilər. Yəni cənub qonşumuz nüvə silahının təsir gücündən istifadə edərək, Qərbin  siyasətinə qarşı daha güclü müqavimət imkanları qazanacaq”. 

Analitikin sözlərinə görə Qərb və İsrail qüvvələrini birləşdirərək, nüvə proqramının iflasa uğrması üçün əllərindən gələni edirlər:

“Hətta bir müddət əvvəl İranın hərbi obyektlərinə hücumlar da olmuşdu. Düzdür, bu hücumun nəticələri hələlik məlum deyil. Ancaq ehtimal olunur ki, ABŞ rəsmi Tehrana nüvə silahı yaratmağa imkan yaratmayacaq. Onların hansı metodu seçəcəyi isə müəmmalıdır. Onlar iqtisadi sanksiyaları gücləndirə bilərlər. 

Bunun nə qədər effektiv olacağı isə məlum deyil. Digər tərəfdən İrana qarşı hərbi müdaxilə məsələsinin masada olduğu barədə bəyanatlar uzun illərdir ki, səsləndirilir. Lakin indiyə qədər heç bir real hərbi müdaxilə baş verməyib. 

Bundan sonra olub-olmayacağı isə məlum deyil. Əgər Qərbin çıxış yolu qalmasa,  belə bir addım da atıla bilər".