Qarabağdakı təxribatlar müharibəyə çevriləcəkmi? – ŞƏRH 

“Təbii ki, lokal xarakterli döyüşlər və anti-terror əməliyyatları gözlənilir”


"Biz Ermənistanın adı ilə onun havadarları tərəfindən bölgədə gərginliyi qoruyub saxlamaq üçün, müəyyən təxribatların törədiləcəyini gözləyirdik. Bu gün isə məhz həmin addımla qarşılaşırıq".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
O bildirib ki, baş verənlər Ermənistandan istifadə edərək qazanclı çıxacaq qüvvələrin adına yazılmalıdır:

"Biz hadisənin arxasındakı gücləri müəyyən etmək üçün, Ermənistan ordusu üzərində kimin söz haqqı olduğuna baxmalıyıq. Yalnız onlar bölgədə belə gərginliklər yarada biləcək gücə sahibdirlər. Həmin qüvvələrin məqsədi isə bizə məlumdur. Onlar Cənubi Qafqazda öz təsir güclərini qorumaq üçün prosesi uzatmağa məcburdurlar. 

Çünki sülh müqaviləsinin indiki şəraitdə bağlanacağı təqdirdə, həm Ermənistan Qarabağdakı maraqlarından imtina etmək məcburiyyətində qalacaq, həm də separatizm bir dəfəlik məğlubiyyətə düçar olacaq. Bunu istəməyən Rusiya və İran kimi dairələr isə proseslərin uzanmasında maraqlıdırlar".

Ekspert vurğulayıb ki, Nikol Paşinyan iqtidarının bölgədə təcridlərin artmasından yana olduğunu düşünmür:

"Onlar Ermənistan ordusunun hələ tam şəkildə özünə gəlmədiyinin və hərbi-texniki cəhətdən Azərbaycandan zəif olduqlarının fərqindədirlər.  Bunların fonunda Ermənistanın Azərbaycanla yeni müharibəyə başlaması axmaqlıq olardı. Eyni zamanda biz nəzərə almalıyıq ki, Paşinyanın hazırkı məqsədi Qərb dövlətləri ilə əlaqələrini artıraraq İrəvanı Moskvanın təsir dairəsində uzaqlaşdırmaqdır. 

Bu fonda təxribatların böyük bir müharibəyə çevriləcəyini demək olmaz. Təbii ki, lokal xarakterli döyüşlər və anti-terror əməliyyatları gözlənilir. Ona görə ki, rəsmi Bakı bunu etməyə erməni havadarları tərəfindən məcbur qoyulub. Belə olduğu halda Qarabağda yekun nəticələrə aparan yolun təmin edilməsini gözləyə bilərik. Yəni rəsmi Bakı həmin lokal xarakterli anti-terror əməliyyatlarını işə salaraq öz gücünü yenidən göstərəcək və 2020-ci ildən bəri bölgədə tək söz sahibinin Azərbaycan olduğunu xatırladacaq. Bütün bunlar isə sülh müqaviləsinin imzalanmasında öz effektiv nəticələrini verəcək".

Qeyd edək ki, Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.