İran İslam Respublikasına məxsus hərbi təyyarə martın 11-də fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.
İran hərbi təyyarəsinin uçuş istiqamətini əks etdirən görüntü yayılıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.
Hadisəni "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov vurğulayıb ki, İran hansısa beynəlxalq qanunları pozmayıb:
"Əgər özünü dost deyə adlandıran ölkə, qonşusunun sərhədlərində bu cür uçuşlar keçirirsə, beynəlxalq qanunlara uyğun olaraq, hadisə ilə bağlı məlumat verilir. Ümumiyyətlə, hansısa ölkə belə hərbi manevrlər həyata keçirdikdə müşahidəçilər dəvət edilir. Söhbət isə ondan gedir ki, bu uçuş beynəlxalq qanunları pozmur. Amma tarixi yaxınlıq və qonşuluq nəzərə alındıqda davranış başqa formada olmalı idi. Azərbaycan tərəfi hadisə ilə bağlı nota göndərəndə məhz həmin məsələni qeyd edib".