Martın 14-də Avropa Parlamenti Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə dair qətnamə qəbul edəcək. Bu qətnamə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakteri daşıyır. Bu bir daha ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir. Belə ki, bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də gorbagor olmuş “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə umumiyyətlə olmayan məsələlər qeyd edilib;
Artıq müvafiq komitədən keçən qətnamə layihəsində Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə sanksiya tətbiq edilməsinə dair çağırışlar əks olunub.
Qətnamənin boş kağız parçası olduğunu deyən politoloq Rasim Musabəyov "Sherg.az"a bildirib ki, bu cür sənədlər erməni lobbisinin təsiri altında qəbul edilir:
"Bundan qabaq 10 dənə belə sənəd qəbul edilib, lakin heç bir əhəmiyyəti yoxdur. Onların qətnaməsini heç kəs ciddiyə almır. Avropa Parlamentinin hansısa nümayəndəsi həmin qətnaməni azərbaycanlı millət vəkilləri və ya rəsmiləri ilə müzakirə edə bilərmi?
Xeyr! Qələt edər belə addım atar. İndi işləri yoxdur deyə boş-boş qətnamələr qəbul edirlər. Getsinlər ilk növbədə öz problemləri ilə məşğul olsunlar. Bir tərəfdə Fransada Korsikalıları öz dilində danışmağa qadağa qoyulur, digər tərəfdə Belçika və İspaniya parçlanır.
AP-isə bununla məşğul olmaqdansa Azərbaycanın ünvanına cəfəng qətnamələr qəbul edir. Buna görə isə kefimizi pozmağa dəyməz".