İNCƏnin GEDİŞi  göstərir:Türkiyədəki seçkidə Rusiya izi... - AKTUAL

"Dünən Məhərrəm İncənin namizədlikdən çəkilməsindən sonra seçki ab-havası daha da güclənib. Xüsusilə, Millət İttifaqı qələbəyə daha da köklənməyə başlayıb”. 
Bunu “Sherg.az”a açıqlamasında Azərbaycanın mühacirət tarixinin tədqiqatçısı, araşdırmaçı-jurnalist, "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhməd Türkiyədəki seçki ab-havasından danışarkən deyib. 
O bildirib ki, İstanbulda yaşadığı üçün dünəndən etibarən Millət İttifaqı çadırlarındakı sevinci görür:

“ Məhərrəm İncəyə qarşı təxribatın edilməsi açıq-aşkardır. Bu təxribatın FETÖ tərəfindən edilməsi daha çox təbliğ olunur. İqtidara yaxın qəzetlər də FETÖ üzərində dayanır. Çünki FETÖ ortaq düşməndir. Amma maraqlıdır ki, Kılıçdaroğlu son tvitlərinin birində Rusiya kəşfiyyatını açıq şəkildə günahlandırdı. Rusiyanın Türkiyədəki seçkilərə müdaxilə etməsi isə gözləniləndir. Nəzərə alaq ki, Trampla bağlı da belə iddialar vardı və həqiqətə uyğun idi. Bu baxımdan həm Cümhur, həm Millət ittifaqına sərf etməyən İncənin çıxdaş ediləcəyi gözlənilən oldu. Üstəlik İncəyə qarşı Millət İttifaqının da xeyli müddətdir "namizədlikdən çəkil" təzyiqini də unutmamalıyıq. Halbuki hər siyasətçi kimi o da haqlı və haqqı olaraq seçkiyə qatılmışdı və kimsənin ona "çəkil" deməsi doğru deyildi. Təəssüf ki, İncə getdi və ona veriləcək səslərin daha çox Sinan Oğana yönələcəyinə inanıram. Çünki İncəni FETÖ uzaqlaşdırmış olsa belə, onun getməsini Millət İttifaqı da istəyirdi. Bu baxımdan bu prosesə qəzəbli olan Məmləkət Partiyası tərəfdarları səslərini Oğana verəcəklər”. 

D.Əhməd əlavə edib ki, Sinan Oğan bu prosesdə uduşlu namizəd oldu: 

“O qalib gələ bilməsə də, verdiyi mesajlarla və xarakteri ilə Türk ictimaiyyətində özünə xeyli tərəfdar qazandı. Həmçinin 
Oğanın 2028 seçkilərinə daha geniş şəkildə hazırlaşacağını ehtimal edirəm.  Çünki onun Millətçi cameədə nüfuzunun da artdığını görürük. 

Seçkinin qalibinə gəldikdə isə əvvəlki seçkilərdən fərqli olaraq ilk dəfədir ki, Ərdoğanın uduzmaq variantı var. Çünki 21 illik iqtidar artıq yorğunluq içərisindədir. Yəni ölkədə iqtisadi böhran var və əhalinin maddi vəziyyəti olduqca pisdir. Üstəlik ilk dəfə olaraq müxalifət də sistemli və güclü şəkildə prosesə qatılıb. Bu baxımdan əgər iddia olunan kimi Kılıçdaroğlunun HDP ilə anlaşmasına dair səs yazıları çıxarsa, bu Millət İttifaqının məğlubiyyəti demək olacaq. Təbii ki, belə hallar Türkiyə seçki tarixinə qara ləkə ilə yazılar. Ümumiyyətlə, bu il təəssüf ki Türkiyəyə yaraşmayan hadisələr oldu. Yəni Sinan Oğana, Əkrəm İmamoğluna qarşı təxribatlar oldu, İncə hər cür təzyiqə məruz qaldı və s. Kaş ki bunlar olmayaydı. Seçkinin isə ikinci tura qalacağına inanıram. Çünki anketlər də göstərir ki, hər iki ittifaqın faizi aşağı-yuxarı eynidir. Türkiyədə seçkilərin taleyini həm də ortada olan qərarsız kütlə həll edir. Onların kimə səs verəcəyi isə şənbə gününün sonuna qədər baş verəcək hadisələr göstərəcək".
Qeyd edək ki, iki gün sonra 14 mayda Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.