Mişel mesaj ötürür:“Məsələnin həlli Moskvada yox, Brüsseldədir”


Kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər.
Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında bildirib.
“İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”, -deyəMişel qeyd edib.

Açıqlamanın gizlinlərini "Sherg.az"a dəyərləndirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov vurğulayıb ki, Qərbin Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolundakı təşəbbüsləri, Rusiyanın bölgədə apardığı fəaliyyətlərinin alternativi fonunda qiymətləndirilməlidir:
"Çünki Rusiyada kommunikasiyaların açılması və əlaqələrin bərpası ilə bağlı dəfələrlə görüşlər keçirilib. Hətta üçtərəfli sazişdə də kommunikasiyaların açılması ilə bağlı məlumatlar da var. Amma Ermənistan tərəfi yenə də Azərbaycan qarşısında olan öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Şarl Mişel isə bu açıqlaması ilə Moskvadan daha yaxşı iş gördüklərini və Kremlin illərdir, öhdəsindən gəlmədiyi problemi bir görüşdə həll edə biləcəklərini vurğulamaq istəyir. Beləcə həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinə mesaj ötürülür ki, məsələnin həlli Moskvada yox, Brüsseldə və Qərbə inteqrasiyadır. Ümumiyyətlə isə Ermənistan tərəfinin Qərbin verdiyi təklifləri qəbul etməsi fonunda, yaxın gələcəkdə kommunikasiyaların açılmasına nail ola bilərik".