CHP də “yarpaq tökümü”! – “Batan gəmini tərk edənlər...”


Cümhuriyyət Xalq Partiyasının sədr müavini Onursal Adıgözəl istefa verib.
O, istefa ərizəsini özünün “Twitter” hesabında paylaşıb.
“Sədrimiz cənab Kamal Kılıçdaroğlunun seçki prosesinə xələl gətirməmək üçün 2018-ci ildən bəri tutduğum vəzifəmi tərk edirəm”, - deyə istefa ərizəsində qeyd olunub.
Onursal Adıgözəl istefasının səbəblərini açıqlamayıb.

Məsələyə münasibət bildirən Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a söyləyib ki, bu istefasız da Kılıçdaroğlu ikinci turda məğlub olacaq:

"Millət İttifaqı” seçkilərdə qalib gələcəyini zənn edirdi. Ya bunları kimsə bərk aldatmışdı, ya da yanlış proqnozları vardı. Ümumiyyətlə, bu dəfə parlamentdə “Millət İttifaqı”nın daha çox yerə sahib olacağı proqnozlaşdırılırdı. Lakin buna rəğmən “Cumhur ittifaqı” yenə də çoxluq təşkil etdi. Həmçinin Prezident seçkikərində də cüzi bir faiz məsələnin birinci turda həllinə imkan vermədi. Bu cüzi faizi isə Rəcəb Tayyib Ərdoğanın ikinci turda tamamlayacağı şübhə doğurmur. Bu isə artıq CHP-də öz işartılarını verməyə başlayıb".

Analitikin fikrincə, ikinci turdan sonra həm CHP-də, həm də “Millət ittifaqı”nın daxilində fikir ayrılıqları yaranacaq:

"Hətta seçki günü Akşener özü də əsəbləşmişdi. O bəyan etmişdi ki, mən sizə Kılıçdaroğlunu dəstəkləməyin lazım olmadığını demişdim. Yəni ikinci turda biz Akşener-Kılıçdaroğlu qarşıdurmasını görə bilərik. Yəqin batan gəmini ilk tərk edən İYİ Partiya olacaq. 

Çünki onlar parlament seçkilərində də istədikləri nəticəni əldə edə bilmədilər. Hətta onlar MHP-ni sıradan silmişdilər və Ağ Partinin əvvəlki uğur əldə edəcəyini fikirləşmədilər. Lakin əksinə oldu. Hakim partiya olan “AK Parti” performansını qorudu və MHP xeyli səs topladı. 

Bunun əksinə olaraq “İYİ Parti” istənilən nəticəni əldə edə bilmədi. Bu isə “Millət ittifaqı” daxilindəki gələcək təlatümlərdən xəbər verir".