Lavrov-Mirzoyan görüşü! - Rusiya prosesi pozur? - Sülhə əngəl!

“Moskva İrəvanı Vaşinqton görüşündəki razılaşmalardan daşındırmağa çalışacaq"

İrəvan mayın 19-da Moskvada Mirzoyan-Bayramov danışıqları çərçivəsində Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün mümkünlüyünü istisna etmir.
Bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat verib.
Görüşün üçtərəfli formatda, yoxsa Ararat Mirzoyan və Sergey Lavrov arasında baş tutacağı dəqiqləşməyib.

Vaşinqtonda XİN rəhbərləri səviyyəsində baş tutan görüşdə bəzi məsələlərdə razılığın əldə edildiyini deyən politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, həmin razılıqlar mayın 14 də ölkə rəhbərləri səviyyəsində baş tutan Brüssel görüşündə özünü göstərdi:
"İndi isə Rusiya prosesi pozmağa çalışır. Çünki Kreml üçün Azərbaycan və Ermənistan arasındakı münaqişənin bitməsi qəbuledilməzdir. Yəni əgər bu münaqişə bitsə, rəsmi Moskvanın Cənubi Qafqazdan çəkilmə prosesi başlayacaq. Bu səbəbdən də onlar prosesləri pozmağa çalışır. Prosesləri pozmaq xətti isə, Lavrov və Mirzoyanın bağlı qapılar arxasında görüşüdür. Yəqin ki, Lavrov Mirzoyandan Vaşinqton görüşündə əldə edilən razılığın bəzi müddəalarını öyrənməyə çalışacaq. İndi Mirzoyanın ağzının bütöv olub-olmaması ona qalıb. Hər halda Lavrov istəyinə çatacaq”.

Analitik əlavə edib ki, Moskvada baş tutacaq üçtərəfli görüşdə əsas müzakirə mövzusu "sülh prosesi”, arxa planda isə Rusiyanın şəxsi mənafeyi olacaq:

“Çünki Kreml üçün bölgədəki sülh yox, öz varlığı önəmlidir. Yəni Rusiya Cənubi Qafqazda söz sahibi olmağı, sülhməramlı qüvvələrinin Qarabağda qalmasını və açılacaq Zəngəzur dəhlizində qoşunların yerləşdirilməsini arzulayır. 

Bu isə nə Azərbaycana, nə də Ermənistana sərf etmir. Ona görə də şimal qonşumuz prosesləri pozur. 

Bu baxımdan da düşünürəm ki, 19 mayda Lavrov və Mirzoyan arasında baş tutacaq görüşdə, Moskva İrəvanı Vaşinqton görüşündəki razılaşmalardan daşındırmağa çalışacaq".