“Suriyanın şimalında 500 minə yaxın qaçqının yeni evlərə köçürülməsi prosesinə artıq başlanılıb”.
Bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, 1 milyon suriyalı qaçqın üçün evlərin tikintisi davam etdirilir. Həmçinin Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu da Suriyaya səfər edib. O Suriyada jurnalistlərə açıqlamasında deyib ki, qaçqınların Suriyaya qayıdışı təmin olunacaq.
Onun sözlərinə görə, Suriyanın Cerablus bölgəsində yenidənqurma işləri başlayacaq: "Burada yeni mənzillər inşa ediləcək. Qaçqınlar buraya könüllü və təhlükəsiz şəkildə qayıdacaqlar. Onlar buradakı təhsil və iş imkanlarından istifadə edə biləcəklər. Bu, ciddi layihədir. Bir ildir bu layihə üzərində iş gedir. Ümid edirik ki, bu layihənin icrası 2-3 il ərzində başa çatacaq".
Məsələyə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, mövzuya toxunarkən əvvəlki proseslərə də diqqət yetirmək lazımdır:
"Çünki hər nə qədər bu gün suriyalıların geri qaytarılmasına başlanılsa da, bir müddət öncə iqtidar qaçqınlarla bağlı fərqli mövqedə idi. Onlar suriyalıların təhlükədə olmasını və ölkədə hələ də müharibənin davam etməsini əsas gətirərək qaçqınları geri göndərməkdən imtina edirdilər. Amma son vaxtlar bu siyasətin, təxminən 1.5 milyon suriyalının geri göndərilməsi xəttində irəlilədiyini görürük. Əlbəttə bunlar birbaşa Sinan Oğanın təkidilə baş verdi demək doğru olmaz. Ancaq hesab edirəm ki, Oğanın tələbləri və türk xalqının istəyi burada əsas faktor kimi qiymətləndirilməlidir. Çünki ölkədə bir iqtidar varsa və xalqın səsini alaraq hakimiyyətə gəlirsə, öz gənc vətəndaşlarının istəklərini dəyərləndirməlidir. Hər nə qədər Türkiyə humanizm mövqeyindən çıxış edərək suriyalıların təhlükəsizliyini düşünsə də, öncə öz vətəndaşlarının fikiridir. Bu nöqtədə isə iqtidar özü də anladı ki, ilk növbədə türk xalqının səsini eşitmək lazımdır.
Analitik əlavə edib ki, xalqın anketlərdə səsləndirdiyi fikirləri, Sinan Oğan siyasi fiqur olaraq dilə gətirdi:
"Xatərlayırsızsa ATA ittifaqı suriyalı qaçqınların öz ölkələrinə qaytarılmasını qırmızı xətlərindən biri kimi bəyan etdi. Həmçinin Ərdoğan hakimiyyətinin bu mövzuda dəyişikliklərə getməsinin tam şəkildə olmasa da, böyük formada Oğanla əlaqəsi var. Bundan sonra da prosesin davamlı olacağını düşünürəm. Çünki suriyalı qaçqınlar Türkiyədə davamlı şəkildə qala bilməzlərdi. Ona görə də rəsmi Ankara Suriyada sabitliyin daha da gücləndirilməsindən yana olacaq. Düzdür əvvəl də bu istiqamətdə addımlar atılırdı. Ancaq artıq bu addımlar daha da artacaq və Suriya xalqı ilə dövləti arasındakı əlaqələrin normallaşması təmin ediləcək. Bundan sonra isə bütün qaçqınların geri qayıtması baş verə bilər".