"Əvvəlcə onu deyim ki, Türkiyədəki seçkilərdə birinci tur daha həyəcanlı idi. Çünki ilk dəfə idi ki, müxalifətin uzun illərdən sonra qalib gəlmə şansı vardı”.
Bunu “Sherg.az”a açıqlamasında Azərbaycanın mühacirət tarixinin tədqiqatçısı, araşdırmaçı-jurnalist, "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhməd Türkiyədəki seçkidən sonrakı ab-havadan danışarkən deyib.
O, qeyd edib ki, ikinci turun olması da müxalifətin birliyinin nətiçəsinə görə oldu:
“Amma iqtisadi çətinliyə, zəlzələnin yaratdığı problemlərə və iqtidarın mental yorğunluğuna rəğmən qazana bilmədilər. Çünki namizəd doğru deyildi. Ona görə də, ikinci turu Ərdoğan çox rahat şəkildə qazandı. Digər tərəfdən seçkini ikinci tura saxlayan Sinan Oğanın da ona dəstək verməsi qələbədə önəmli faktor oldu. " "Zəfər " partiyasının sədri , milliyyətçi Ümit Özdağın Kılıçdaroğluna dəstək olması isə onun əleyhinə işlədi. Yəni , kürd əsilli vətəndaşlar da buna görə , seçkiyə laqeyd yanaşdılar və Kılıçdaroğlu birinci turla müqayisədə onların səslərinin bir qismini itirdi.
D.Əhmədin sözlərinə görə, gözlənilənin əksinə olaraq Kılıçdaroğlu istefa vermədi:
“Ola bilsin ki, o partiyanın bələdiyyə seçkilərinə qədər sədri o olaçaq. Hazırda isə hiss olunur ki, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu liderliyi ələ almaq arzusundadır. Görünür, yeni CXP sədri o olacaq. Ərdoğana gəldikdə isə nəticələrdən bəllidir ki, o seçkini vətəndaşların yarısından bir az çox səslə qazanıb. Bu da göstərir ki, əhalinin yarısı onu istəmir. Bu səbəblə də Ərdoğan çalışacaq ki, səs faizini yüksəltsin. Həmçinin qələbə çıxışında da dediyi kimi bələdiyyə seçkilərində İstanbul və Ankaranı almaq arzusundadır. Amma bunun üçün iqtisadi çətinliyi aradan qaldırmalıdır. Düzdür əhali onu fanatikcəsinə sevir, lakin vəziyyət düzəlməsə iki il sonra erkən prezident seçkiləri də ola bilər".
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin 2-ci turunda Rəcəb Tayyib Ərdoğan 52.14 faiz səslə qalib gələrək ölkənin 13-cü rəhbəri olub.
Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında mayın 28-də keçirilib.