Belarusda İranın “Shahed” pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanıla bilər.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin iyulun 31-də İrana səfər edib və müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb:
“Tərəflər əməkdaşlıq haqqında memorandum, həmçinin ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıblar. Xrenin və Aştiani görüş zamanı çox güman ki, silah satışını müzakirə ediblər”.
Amerikalı analitiklərin fikrincə, görüş zamanı, həmçinin Belarusda “Shahed” istehsalına dair razılaşma da əldə oluna bilər.
Sözügedən açıqlamanı “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Kənan Novruzov vurğulayıb ki, dünyada Rusiya, Belarus, İran və Çin dördlüsünün yarandığı hamıya məlumdur:
"Məsələn, biz əvvəllər də görmüşük ki, Belarus İran və Rusiya arasında vasitəçilik etməyə çalışıb. Yəni Moskva və Tehran özünü birbaşa təhlükəyə atmayıb və Belarusdan istifadə edib. Digər tərəfdən artıq müharibə Şimal qonşumuzun ərazisinə keçir. Belə olan halda isə Moskvanın əlavə dəstəyə ehtiyacı yaranır. Ümumiyyətlə son zamanlara kimi Rusiya İran istehsalı PUA-larla Ukrayna ərazisinə hücumlar həyata keçirirdi. Axır vaxtlarda isə bunun intensivliyi azalıb. Ola bilsin ki, həm Ukrayna ordusunun müdafiə mexanizmi işə düşüb, həm də PUA-ların tədarükündə ləngimə var".
Analitikin sözlərinə görə, bunları nəzərə aldıqda Belarusda PUA istehsal edən zavodun yaradılması mümkün görünür:
"Amma bu yaxın perspektivdə nəyisə dəyişməyəcək. Çünki belə bir zavodun yaradılması üçün ciddi danışıqlara ehtiyac var və xeyli zaman aparacaq. Həmçinin bu, Qərb dövlətlərinin Belarusa təzyiqinin artması deməkdir. Digər tərəfdən artıq Ukraynada Bayraktar istehsal edən zavodun tikintisinə başlanılıb. Belarusda zavodun tikilməsi də əvəz çıxmağa hesablana bilər. Ümumiyyətlə zavodu Belarusda tikməklə Rusiya və İran təzyiqləri üzərindən atmağa çalışır. Ancaq bu zavodun tikilməsinin yaxın 6-7 ay ərzindəki döyüşlərə təsir edəcəyini düşünmürəm".
Qeyd edək ki, uzun müddətdir İran Rusiyaya yerli istehsallı “Shahed” PUA-ları göndərir