Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb.
Ərdoğanın çıxışını "Sherg.az"a şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov söyləyib ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə Azərbaycan və Türkiyəni birləşdirəcək:
"Daha sonra isə Türkiyəyə Xəzər dənizi Üzərindən Orta Asiya ölkələrinə çıxış imkanı verəcək. Bunların nəticəsində isə qardaş Türkiyənin həm mallarının yeni bazarlara gedəcək, həm də Azərbaycan tarixi olaraq Naxçıvan üzərindən türk dünyası ilə birləşəcək. Ümumiyyətlə bu Ərdoğanın apardığı türk dünyasını birləşdirmək siyasətinin bir parçasıdır. Yəni Türkiyə prezidenti Ermənistanın kaprizləri nə olursa olsun Zəngəzur dəhlizinin açılmasını tələb edir. Əlbəttə ki, Ermənistan tərəfinin havadarları bu dəhlizin açılmasına qarşıdırlar. Bunun başında isə İran gəlir. Çünki rəsmi Tehrana öz torpaqlarından keçən və türk dünyasını birləşdirən alternativ marşurutun olması sərf etmir. Lakin Azərbaycan, Türkiyə və Ermənistanın iştirakı ilə İranı yola vermək mümkün olacaq. Ona görə ki, bu, ilk növbədə Ermənistanın maraqlarında olmalıdır. Bununla Ermənistan türk dünyası ilə birləşmə və xidmətlərindən yararlanma əldə edə bilər".