ABŞ-in sabiq Prezidenti Donald Trampa qarşı irəli sürülən ittihamlar onun reytinqini artırıb, mövqeyini gücləndirib.
Bu barədə “BBC“ məlumat yayıb.
Bildirilib ki, keçirilən son rəy sorğuları Trampın ən yaxın respublikaçı rəqibi, Florida qubernatoru Ron DeSantisdən 37 xal irəlidə olduğunu göstərir. Belə ki, Trampın respublikaçı namizədlər arasındakı reytinqi 53%, DeSantisin 16%, keçmiş dövlət katibi Mayk Pensin reytinqi isə 4% təşkil edib.
Qeyd olunub ki, bir çox respublikaçı seçicilər Trampa qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu düşünür.
Məsələni "Sherg.az"a şərh edən politoloq Aytən Qurbanova vurğulayıb ki, ABŞ-də 2024-cü il prezident seçkilərinin kifayət qədər gərgin mübarizə şəraitində keçəcəyini və həm Amerika, həm də qlobal sistem üçün önəmli bir mərhələnin başlanğıcı olacağını aydın şəkildə ifadə edə bilərik:
"Heç şübhəsiz ki, Respublikaçıların əsas namizədi olaraq dəyərləndirilən Donald Trampın seçki marafonunda iştirakı qalmaqalları təşviq edən əsas faktorlardan biridir. Keçirilən rəy sorğularına əsasən ötən prezident seçkilərində olduğu kimi bu dəfə də əsas mübarizə Demokratları təmsil edən hazırki prezident Co Bayden və Respublikaçıların namizədi sabiq prezident Donald Tramp arasında olacaq. Ona görə də, Trampla bağlı gündəmi zəbt edən xəbərlərin və səsləndirilən yeni ittihamların seçki prosesinə təsirləri mütləqdir. Xüsusilə də, 2021-ci ilin 6 yanvar tarixində radikal sağçı qrupların konqresə hücumu ilə nəticələnən hadisələrin son günlərdə yenidən gündəmə gətirilərək Trampa qarşı yeni ittihamların səsləndirilməsini onun rəqiblərinin seçki kampaniyasının tərkib hissəsi kimi dəyərləndirənlərin sayı yetəri qədərdir".
Xanım analitikim sözlərinə görə, Trampın da bu qalmaqallardan istifadə edərək öz seçki kampaniyasını formalaşdırdığını demək olar:
"Digər tərəfdən, Baydeni yaşı ilə tənqid edənlərlə paralel olaraq mütəxəssislər inflyasiyaya baxmayaraq onun iqtisadi siyasətinin bəzi müsbət nəticələrini istisna etmir. Ona görə də, orta təbəqə tərəfindən kifayət qədər dəstəkləndiyini vurğulayırlar. Proseslərin ümumi gedişatına nəzər yetirdikdə, seçkinin mümkün nəticələri ilə bağlı ilkin proqnoz vermək doğru olmasa da, Tramp-Bayden rəqabətinin son ana qədər davam edəcəyini ehtimal etmək heç də çətin deyil".
Xatırladaq ki, Donald Tramp gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.