“Rusiya aclıqdan silah kimi istifadə etməyi dayandırmalıdır”.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel tviterdə yazıb.
O bildirib ki, Rusiyanı “Taxıl sazişi”nin bərpasına inandırmaq lazımdır.
Rusiyanın əlindəki silahların Ukraynada effektiv olmadığını söyləyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a deyib ki, bu səbəblə də Kreml aclıq silahından istifadə edir:
"Savaşda sadəcə nüvə raketi effektli ola bilər ki, onu da istifadəsi asan deyil. Amma aclıq rahat bir silaha çevrilə bilər və Rusiyada hazırda bunu edir. Avropa ittifaqının rəsmi Moskvanı yenidən "Taxıl sazişi"nə qaytarmaq cəhdləri isə öz simalarında uğurlu ola bilməz. Ona görə ki, Rusiya ilə mübarizədə olan tərəf elə Aİ və ümumi Qərbdir. Bu səbəblə də, atılacaq addımların uğurlu olması mümkün görünmür. Həmçinin dünən Ukraynanın XİN rəhbəri də bildirmişdi ki, hazırda "Taxıl sazişi"ni bərpa edəcək yeganə lider Rəcəb Tayyib Ərdoğandır. Yəni Türkiyə dövlətidir. Ona görə də, yəqin Qərb da anlayır ki, Rusiyanı razı salaraq, müqaviləni bərpa etməyin tək yolu Türkiyədəki danışıqlardan və özünün hegomon maraqlarında güzəştə getməkdən keçir".
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"inin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb. Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.