Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər Ukraynada müharibəni uzatmağa çalışır.
Bunu CNN-ə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi deyib.
Bildirilib ki, seçkilərə qədər V.Putinin Ukraynadakı müharibə ilə bağlı planlarının dəyişəcəyi gözlənilmir: “Putin bilir ki, keçmiş Prezident, respublikaçı Donald Tramp yenidən hakimiyyətə gəlsə, ona kömək edəcək. Ona görə də həmin vaxtadək savaşı davam etdirmək istəyir. Bu, şəxsən Putinin hazırladığı ssenaridir”.
Hadisəni "Sherg.az" dəyərləndirən politoloq İlqar Vəlizadə söyləyib ki, bütün yeni ABŞ Prezidentləri hakimiyyətə gələndə proseslər və siyasi trendlər dəyişir:
" Tramp fərqli siyasət yürütmək niyyətində olduğunu açıq şəkildə bəyan edib. Ancaq əsas sual odur ki, Tramp doğurdan da hakimiyyətə gələ bilər mi? Çünki ona qarşı çox ciddi ittihamlar var və məhkəmə prosesi gedir. Bu səbəblə də onun seçkilərdə iştirak edib-etməyəcəyi bəlli deyil. Belə təqdirdə isə Putinin Trampın qalibiyyət ilə bağlı apardığı hesablamaların özünü nə dərəcədə doğruldacağı şübhə yaradır. Ona görə də mən düşünürəm ki, Rusiya tərəfi öz planlarını Amerikada hakimiyyətin dəyişdirilməsinə hesablasın".
Qeyd edək ki, D.Tramp daha əvvəl prezident seçiləcəyi təqdirdə ölkəsinin NATO-dan çıxacağını bildirmişdi. O, Ukraynada müharibəni 24 saat ərzində bitirə biləcəyini bir neçə dəfə bəyan edib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Əsas namizədlər Respublikaçı D.Trampla hazırki dövlət başçısı Cozef Baydendir.