“Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən XIV səfirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə ilə Ermənistan və Ermənistanla Azərbaycan arasında normallaşma prosesi paralel davam edir:
“Regionda sabitliyin təmin olunması üçün koordinasiyalı davranış şərtdir”.
Hakan Fidanın açıqlamasının Rusiyanın bölgədə apardığı "balanslaşdırma" siyasətinə alternativ olduğunu vurğulayan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlayıb ki, Kreml uzun illərdir müxtəlif yollarla Azərbaycan və Ermənistan arasındakı münaqişənin bitməməsini təmin edir:
"Yəni rəsmi Moskva balanslaşdırılmış siyasət adı altında "status kvo"nun saxlanılmasına çalışır. Onlar hətta Qarabağda yaşayan separatçı erməniləri əla alaraq, münaqişəni davam etdirir. Çünki bununla Cənubi Qafqazda Ermənistan və Azərbaycana təzyiq göstərə bilir. Hakan Fidan da, Türkiyə adına Qafqaza alternativ siyasət gətirdiyinin mesajını verir. Yəni Ermənistanla, Türkiyə və Azərbaycanla-Ermənistan arasında paralel normallaşma prosesi başladılaraq, regionda sülhə nail olmaq istəyirlər. Əlbəttə ki, Ərdoğanın NATO sammitində verdiyi açıqlamanın ardından, Hakan Fidanın belə bir bəyanat yayması Qardaş Türkiyənin Qafqazda yürütdüyü siyasətin bariz nümunəsidir".