Proseslər Rusiyanın əleyhinə cərəyan edir - ŞƏRH

ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə telefon danışığı aparıb.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Telefon danışığı zamanı diplomatlar Ukraynadakı vəziyyəti müzakirə edib.

Həmçinin Səudiyyə Ərəbistanın Ciddə şəhərində baş tutan danışıqlara toxunulub.

Səudiyyə Ərəbistanında aparılan danışıqların Volodimir Zelenskinin hazırladığı sülh planının müzakirəsi olduğunu qeyd edən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, dünyanın bir çox ölkələri həmin görüşdə iştirak edib:

"Digər tərəfdən isə Rusiyanın hazırladığı alternativ plan, sözügedən müzakirələrdə masaya yatırılmayıb. Ona görə də rəsmi Moskva Ciddədə baş tutan danışıqlardan narazıdır. Hətta Səudiyyə Ərəbistanında aparılan müzakirələr Şimal qonşumuz üçün ciddi problemlərin yaranacağından xəbər verir. Həmçinin onu da nəzərə almaq lazımdır ki, sözügedən danışıqlarda Rusiyanın özünə yaxın hesab etdiyi dövlətlərin də iştirakı Kremli qıcıqlandırır. Məsələn, Rusiyanın "Taxıl sazişi"ndən çıxmasından narazı qalan Çin buna reaksiya olaraq həmin müzakirələrə qatılmağa qərar verdi".

Analitik əlavə edib ki, rəsmi məlumatda sülh planının Zelenski tərəfindən hazırlandığı söylənilsə də, vəziyyət vurğulandığı kimi deyil:

"Böyük ehtimalla həmin planı ABŞ hazırlayıb və Ukrayna Prezidentinin adından təqdim edir. Ola bilər ki, Blinken də Kuleba ilə Ciddədə baş tutan müzakirələrin təfərrüatları haqda danışıb. Bu danışıqların növbəti raundunun isə Hindistanda keçiriləcəyi gözlənilir. Yəni böyük 20-lərin toplantısı olacaq. Anlaşılan odur ki, bütün proseslər Rusiyanın əleyhinə cərəyan edir və ona qarşı ağır şərtlərlə sülh planı hazırlanır. Ümumiyyətlə proses şimal qonşumuzun kaputilyasiyasına qədər gedə bilər".