Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın “Taxıl sazişi”nə qayıtması Qərb ölkələrinin öz öhdəliklərini yerinə yetirməsindən asılıdır.
Həmçinin o, ölkələr arasında əldə edilən razılaşmalara sonradan riayət edilməməsini mənfi tendensiya kimi qiymətləndirib.
“Təəssüf ki, son vaxtlar əldə edilən razılaşmalara sadiqlik prinsipinə əməl edilmir”, - deyə qardaş ölkə Prezidenti vurğulayıb.
R.T.Ərdoğan qeyd edib ki, Qərb ölkələri Qara Dəniz taxıl təşəbbüsünün ətrafında əldə edilmiş müsbət ab-havanı əvvəlcə atəşkəsə, sonra isə daimi sülhə çevirmək üçün diplomatik addımlar atmayıblar.
Qərbin verdiyi vədləri yerinə yetirmədiyini deyən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a vurğulayıb ki, Putinin tələbinə əsasən Rusiya yalnız şərtləri yerinə yetiriləcəyi təqdirdə "Taxıl sazişi"nə qayıda bilər:
"Görünür, Rəcəb Tayyib Ərdoğan da Putinin sözlərini Qərbə çatdırır və "Taxıl sazişi"nə qayıdılmasını vacib hesab edir. Ümumiyyətlə dünyada ciddi şəkildə taxıla ehtiyac yaranıb. Buğdanın Qaradəniz vasitəsilə çatdırılması isə Rusiyanın razılığı ilə olmalıdır. Çünki Krımın ilhaqından sonra Qaradənizin şimal hissəsinə Rusiya nəzarət edir. Ərdoğan da ay sonunda planlaşdırılan görüşdən öncə Qərbə mesaj verir ki, mənim Putini razı salmağım üçün siz öhdəliklərinizi yerinə yetirməlisiniz".