Mesaj verilir ki, regiona yad olan Qərbdənsə, ənənəvi Rusiyanın... - Əziz Əlilbəyli

"Moskva sülh müqaviləsinin hazırlanmasında İrəvan və Bakıya fəal şəkildə köməklik göstərir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.
O, brifinq zamanı xatırladıb ki, bu, üçtərəfli sazişlərin elementlərindən biridir.

ABŞ Dövlət Departamentinin Rusiyaya “digər ölkələrin şərhlərinə baxmayaraq, tərəflər arasında sülh əldə olunmağa yaxındır” ifadəsi ilə eyham vurub-vurmadığına dair sualı şərh edən Aleksey Zaytsev Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Denis Qonçarın bu yaxınlarda verdiyi müsahibəyə istinad edərək, bildirib ki, "sülh üçün yüksək keyfiyyətli razılaşmalara ehtiyac var, prosesi zorla irəli aparmağa ehtiyac yoxdur".

Sözügedən açıqlamaya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a deyib ki, Rusiya görüşlərinə nəzərən, Qərb raundunda baş tutan görüşlər bir addım öndə olub.

"Məsələn, Paşinyan Brüssel və Vaşinqton görüşlərində etiraf edib ki, Qarabağın Azərbaycanın torpaqları olduğunu və ərazi bütövlüyünü tanıyır. Bu isə Rusiyanın mənfi obrazını gücləndirdi. İndi  Azərbaycana yönəlik çıxışlar edilir. Yəni Avropa və Qərb ölkələrinin Laçın sərhəd xidmətinin açılması üçün etdiyi müraciəti  Rusiya Azərbaycana təzyiq kimi qiymətləndirir. Açıqlamalarda mesaj verilir ki, regiona yad olan Qərbdənsə, ənənəvi Rusiyanın vasitəçiliyini qəbul etmək daha məqsədəuyğundur".