“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Belarusu tərk edərək Rusiyaya qayıda bilərlər.
Prosesin başlaması Rusiya Prezidenti Vladimir Putinlə Yevgeni Priqojin arasında razılaşmaların pozulmasından xəbər verə bilər.
Bu barədə Amerika Müharibələrin Tədqiqatı İnstitutunun (ISW) hesabatında bəhs edilib.
Bildirildiyinə görə, Rusiya hökumətindəki adı açıqlanmayan mənbə iddia edir ki, “Vaqner” döyüşçüləri Belarusdan geri çəkilmənin birinci mərhələsini həyata keçirirlər. İndi onların 500-dən 600-ə qədər üzvünün Krasnodar diyarına, Voronej və Rostov vilayətlərinə köçürüldükləri iddia edilir. İkinci mərhələnin avqustun 13-dən sonra başlanması nəzərdə tutulur.
Qeyd olunur ki, Rusiya, gözlənildiyi kimi, onların maaşlarını kompensasiya etməyəcək, Belarus Prezidenti Aleksandr Lukaşenko isə onları maliyyələşdirməkdən imtina edib, bu səbəbdən də “Vaqner”çilər Belarusu tərk edə bilərlər. Eyni zamanda, Belarus hərbçilərinə təlim keçmək üçün “Vaqner” təlimatçılarından ibarət kiçik bir qrup Belarus Respublikasında qalacaq.
Sözügedən iddiaları "Sherg.az"a şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, "Vaqner" üsyanı baş verdiyi dönəmdə hər kəs onun bitdiyini zənn edirdi:
"Ancaq ABŞ Prezidenti Bayden açıqlama vermişdi ki, "Vaqner" hadisəsi hələ bitməyib. Əgər bunu Amerika Prezidenti açıqlayırsa, deməli əlindəki kəşfiyyat məlumatlarına dayanaraq bildirir. Ancaq bir şeyi də unutmaq lazım deyil ki, "Vaqner"in fəaliyyətləri nədən ibarət olursa-olsun bunun maliyyəsi Rusiyanın dövlət büdcəsindən gəlir. Düzdür uzun illərdir Kreml rəhbəri bunu inkar edərək şirkətin özəl olduğunu bildirirdi. Lakin son hadisədən sonra Putin çıxış edərək "Vaqner" döyüşçülərinin fəaliyyətlərinə Rusiya dövlət büdcəsindən 80 milyard rubl ayrıldığını etiraf etdi. Ümumiyyətlə bu qədər döyüş fəaliyyəti aparan bir qrupun maliyyə dəstəyi olmadan hansısa addım ata bilməyəcəyini yaxşı bilirik. Dolayısı ilə pulu kim verirsə musiqini də o sifariş edir. Hətta"Vaqner" musiqiçiləri deyilən bir anlayış var və onlara çox uyğun gəlir. Bir sözlə desək Priqojinin Putinə qarşı fəaliyyət aparacağına inanmıram".
Xatırladaq ki, hələlik ISW analitikləri “Vaqner” qüvvələrinin Belarusu tərk etməsini əyani sübut edəcək hansısa hal müşahidə etməyiblər. Mənbələrin bildirdiyinə görə, Liviyaya yerləşdirilməyən döyüşçülər “təcili” şəkildə Rusiyaya tətilə gediblər və hər an yeni göstərişlər ala biləcəkləri üçün onlara əlaqəni itirməmələri tapşırılıb.