Ankara - Afina xəttində buzlar əriməyə başlayıb. Bir-birlərinə yardım əlini uzadan iki ölkə fikir ayrılıqlarını aradan qaldırmaq üçün addımlar atır. Prezident Ərdoğanın NATO sammitində Miçotakislə görüşü ikitərəfli münasibətlərdə müsbət irəliləyişin ən bariz nümunəsi oldu.
İki ölkədə baş verən fəlakətlərdən sonra atılan addımlarla Ankara - Afina xəttində dostluq küləkləri əsir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bütün bu müsbət irəliləyişlərə baxmayaraq, Türkiyəni hədəf alan xəbərləri ilə gündəmə gələn "CNN Yunanıstan" növbəti dəfə təxribat xarakterli xəbər yayıb.
Fransız L'Express-in məlumatına istinad edən yunan mətbuatı, "Türkiyə Yunanıstana hücum etsə nə olar?' başlığı ilə uydurma məqalə dərc edib.
Ssenariyə görə, guya 2027-ci il fevralın 17-də səhər saatlarında türk əsgərləri Egeydəki iki adaya enir.
TSG Anadolu gəmisi Türkiyə xüsusi təyinatlılarının 1000 elit üzvü ilə əməliyyata qatılır və adanın ən hündür nöqtəsində Türkiyə bayrağı dalğalanır.
Ssenarinin fransızlar tərəfindən tərtib edildiyi xəbərdə aşağıdakı ifadələr yer alır;
“Təxminən 50 yunan əsgəri həbs edilir və iki adanın ən yüksək nöqtəsində Türkiyə bayrağı sancılır. Yunanıstan fövqəladə vəziyyətə cavab verməyə cəhd edir, lakin beş patrul qayığını və 10 döyüş təyyarəsini itirir".
Fransız jurnalı Parisin belə bir ssenariyə müdaxilə edəcəyini və bu müdaxilənin uğurlu olacağını irəli sürüb.
Yunan nəşri fransızların bu xəyali ssenarisinə toxunaraq, 'Türkiyə məğlub olacaq' yazıb.
Fransanın “Slate” jurnalı isə “Yunan-Türkiyə qarşıdurmasının ssenariləri” başlığı ilə oxucularının qarşısına çıxıb və donanma məsələsində Türkiyənin üstünlüyünə malik olduğunu yazıb.
“Hər iki ölkənin eyni sayda sualtı qayıqları olmasına baxmayaraq, onların istifadəsi Egey adalarının kiçik ərazisi ilə məhdudlaşır. Bu məkan konfiqurasiyasında ən vacib qabiliyyətlər sahəni bloklamaq və vurma gücüdür. Bu baxımdan Türkiyə daha təchizatlıdır.'
“Vima” qəzeti isə “Qara dəniz: onun nəzarəti üçün başqa bir müharibə” başlığı ilə oxucuları çaşdırıb. Xəbərdə 'Qara dəniz yeni döyüş səhnəsinə, qapalı Qara dənizə çevrilir' deyilir.